02 mart 2023-cü il tarixində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə, Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı çərçivəsində Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Qızların təhsilinə dəstək” mövzusunda konfrans keçirilib.
QHT.az xəbər verir ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov açılış nitqi ilə çıxış edərək, qonaqları salamlayıb. O, fondun fəaliyyət istiqamətləri haqqında məlumatları diqqətə çatdıraraq bildirib ki, fondun məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirmək, təhsilin və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə verməkdir. Fondun fəaliyyəti dövründə önəm verdiyi məsələlərdən birinin gənc qızların təhsilinə dəstək olduğunu qeyd edən E. Nəsibov bildirib ki, “Qızların təhsilinə dəstək” layihəsi əvvəlcə kiçik bir layihə kimi başlayaraq tədricən genişlənmişdir. Qızların təhsilinə yönəlik layihələrin həyata keçirilməsi həm sosial, həm səhiyyə, həm də təhsil sahəsində bir sıra müsbət dəyişikliklərə səbəb olur.
Layihənin reallaşmasında iştirak edən qurumlara və özəl təşkilatlara təşəkkürünü bildirən E. Nəsibov hamını - dövlət qurumlarını, ictimai təşkilatları, özəl sektorun nümayəndələrini, ümumilikdə vətəndaş cəmiyyətini bu nəcib təşəbbüsə dəstək verməyə çağırıb.












