“Erkən nikaha yox deyək” – Masallıda maarifləndirmə tədbiri
Masallı Dövlət Regional Kollecinin və Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Erkən nikaha yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova dövrümüzün mühüm və aktual problemi olan erkən nikaha qarşı mütəmadi mübarizə və sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlərin təşkilindən danışıb.
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva bildirib ki, erkən nikah gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atmaqla yanaşı, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Masallı Bioloji Təbabət Klinikasının klinik-psixoloqu Nigar Pənalıyeva erkən nikahın qızlarda yaratdığı fiziki və psixoloji fəsadlar, cəmiyyətə vurduğu zərərlər barədə geniş məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli erkən nikahın qarşısının alınması yönümündə təhsilin, maarifləndirmə işlərinin vacibliyindən danışıb.
Fikir mübadiləsi şəraitində davam edən maarifləndirmə tədbirində tələbələri maraqlandıran suallar cavablandırılıb.
Akif AĞAYEV












