"Mülki şəxslərə qarşı törədilən cinayətlər 90-cı illərdə işğal dövründə baş verib və bu əməllər Azərbaycan Respublikasının ərazisində həyata keçirilib. Həmin cinayətlər beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, Azərbaycan qanunvericiliyinə görə də ağır cinayət hesab olunur. Mən özüm 2023-cü ildə aparılan məhkəmə proseslərində iştirak etmişəm. Həm Birinci Qarabağ müharibəsi, həm də sonrakı dövrdə əsir götürülmüş şəxslərlə bağlı istintaq materialları ilə tanış olmuşam. Əsir mübadiləsi zamanı işgəncələrə məruz qalmış şəxslərin ifadələrinin canlı şahidi olmuşam. Onların saxlanıldığı yerlərdə necə ağır işgəncələrə məruz qaldıqları, hətta insanların diri-diri yandırılması kimi faktlar istintaq materiallarında öz əksini tapıb".

QHT.az xəbər verir ki, bu fikirləri Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas Fariz Əkbərov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən “Xocalı Soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda keçirilən Dəyirmi Masada bildirib. Onun sözlərinə görə, bütün bunlar müharibə cinayətləri və insanlığa qarşı törədilmiş ağır əməllərdir. Bu məsələlər Ermənistan tərəfinin hüquqi məsuliyyəti kontekstində qiymətləndirilməlidir:

"Beynəlxalq hüquqa əsasən, hər hansı bir cinayət hansı dövlətin ərazisində törədilibsə, həmin dövlətin qanunvericiliyi tətbiq olunur. Qarabağ və ətraf ərazilər beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının ərazisidir. Bu səbəbdən, həmin ərazilərdə törədilmiş cinayətlərə görə Azərbaycan Respublikasının qanunları və beynəlxalq humanitar hüquq normaları tətbiq edilir. Bəzi dövlətlər müxtəlif siyasi mövqelər sərgiləyə bilər, lakin bu, hüquqi reallığı dəyişmir. Törədilmiş cinayətlərə görə tətbiq olunan cəzalar Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına tam uyğun şəkildə həyata keçirilir".