Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri, “Əməkdar Mədəniyyət İşçisi” Elmira Mehdiyevaya 70 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
QHT.az həmin məktubu təqdim edir:
"Hörmətli Elmira xanım,
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi adından Sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik.
Sizin uzun illər ərzində qazandığınız peşəkar təcrübə, ictimai fəaliyyətə bağlılığınız regionlarda QHT sektorunun inkişafına, müxtəlif sosial təşəbbüslərin dəstəklənməsinə və cəmiyyətin ictimai həyatında fəal iştirakına öz töhfəsini vermişdir. Həmçinin, çoxillik media fəaliyyətiniz dövründə vətəndaş cəmiyyətinin inkişafı, ictimai təşəbbüslərin dəstəklənməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl fəaliyyət daim yüksək qiymətləndirilir.
Zəngin həyat təcrübənizin, milli maraqların qorunmasına sadiqliyinizin bundan sonra da ölkəmizdə vətəndaş cəmiyyətinin güclənməsinə, yeni ictimai təşəbbüslərin həyata keçirilməsinə öz müsbət təsirini göstərəcəyinə əminliyimizi ifadə edirik.
Əlamətdar yubileyiniz münasibətilə Sizə bir daha ən səmimi təbriklərimizi çatdırır, möhkəm cansağlığı, firavan ömür, yeni uğurlar arzulayırıq.
Hörmətlə, İdarə Heyətinin sədri Aygün Əliyeva"












