Azərbaycan beynəlxalq birliyin fəal və etibarlı tərəfdaşlarından biri kimi həm ayrı-ayrı dövlətlərlə, həm də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurub. Ölkəmizin müxtəlif beynəlxalq qurumlarda iştirakı fəallıq və təşəbbüskarlıqla seçilir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətlərə formal yanaşmır, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və mövcud əlaqələrin daha da dərinləşdirilməsi üçün ardıcıl addımlar atır.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri QHT.az-a açıqlamasında deyib.

N.Azəri bildirib ki, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə də son illərdə strateji xarakter alan çoxşaxəli əməkdaşlıq münasibətlərinə malikdir. Bu baxımdan Qırğızıstan-Azərbaycan əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin ötən ay Qırğızıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm hadisə olub.

Siyasi şərhçi qeyd edib ki, səfərin ən mühüm nəticələrindən biri Azərbaycan və Qırğızıstan arasında Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasıdır. Bu sənəd iki ölkə arasında mövcud dostluq və qardaşlıq münasibətlərini daha yüksək siyasi-hüquqi səviyyəyə qaldırmaqla yanaşı, əməkdaşlığın müxtəlif sahələrdə uzunmüddətli inkişafı üçün mühüm baza formalaşdırır. Dövlət səfəri çərçivəsində iqtisadiyyat, nəqliyyat, enerji, humanitar və digər istiqamətlərdə əlaqələrin genişləndirilməsi ilə bağlı mühüm məsələlər də müzakirə olunub.

N.Azərinin fikrincə, məhz bu mühüm səfərdən cəmi bir ay sonra Prezident İlham Əliyevin Qırğızıstana növbəti səfəri də xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, səfər işgüzar xarakter daşıyır və dövlət başçısının Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirakı məqsədilə həyata keçiriləcək. Bununla belə, səfər Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı, eləcə də Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin daha da dərinləşdirilməsi baxımından yeni imkanlar yaradacaq.

“Şübhəsiz ki, Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çoxtərəfli əməkdaşlıq baxımından mühüm platformadır. Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı ölkəmizin beynəlxalq və regional təşkilatlarla əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir. Eyni zamanda, belə səfərlər ikitərəfli münasibətlərin gündəliyində dayanan məsələlərin müzakirəsi üçün də əlavə imkanlar yaradır. Bu baxımdan Bakı ilə Bişkek arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına dair fikir mübadiləsinin aparılması tamamilə təbii və gözləniləndir”, – deyə siyasi şərhçi vurğulayıb.

N.Azəri hesab edir ki, səfərin əvvəlki dövlət səfərindən təxminən bir ay sonra reallaşması tərəflər üçün əldə olunan razılaşmaların və imzalanmış sənədlərin icrası istiqamətində görülən işlərə nəzər salmaq baxımından da əhəmiyyətlidir. Onun sözlərinə görə, bu, həm mövcud əməkdaşlığın nəticələrini qiymətləndirməyə, həm də qarşıdakı dövr üçün yeni hədəflər müəyyənləşdirməyə imkan verə bilər.

“Ümumilikdə hər bir səfər, görüş və beynəlxalq tədbir həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açır. Azərbaycan Prezidentinin Qırğızıstana səfərini də məhz bu baxımdan qiymətləndirmək lazımdır. Əminəm ki, bu səfər Bakı-Bişkek münasibətlərinin bütün sahələr üzrə daha da inkişafına, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə və ölkəmizin Şərq-Qərb, eləcə də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında bağlantıların gücləndirilməsinə verdiyi töhfənin artmasına xidmət edəcək”, – deyə N.Azəri əlavə edib.

Fatimə Nəbiyeva