Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Bahar” İctimai Birliyi tərəfindən həyata keçirilən “Mənə İşıq Göstər” layihəsinin icra mərhələsi uğurla başa çatıb.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi erkən nikahların tibbi, psixoloji və sosial fəsadları barədə ictimai məlumatlılığı artırmaq və bu prosesdə yaşlı nəslin yolgöstərən rolunu gücləndirmək olub. Davam edən fəaliyyətlər çərçivəsində ümumilikdə 240 nəfər benefisiar əhatə edilib.

Maarifləndirici görüşlər ardıcıllıqla Ağsu, Sabunçu (Bakı), Yevlax, Şamaxı, Ağdaş və Xəzər (Bakı) rayonlarında təşkil olunub. Tədbirlərdə layihə üzrə xüsusi təlim almış təlimçilər erkən nikahların tibbi, psixoloji və sosial fəsadları barədə yerli icma üzvləri ilə bilik və təcrübələrini bölüşüblər. Görüşlərdə açıq müzakirələr aparılaraq, iştirakçılarla interaktiv dialoqlar qurulub, suallar cavablandırılıb.

Layihənin ilkin mərhələsində Şamaxıda Təlimçilər üçün Təlim (TOT) formatında görüş keçirilərək təlimçilərin mövzu üzrə bilik və ünsiyyət bacarıqları gücləndirilib. Bundan əlavə, icra müddətində həkim və psixoloq ekspertlərin iştirakı ilə onlayn mentorluq sessiyaları təşkil olunaraq, təlimçilərə davamlı dəstək verilib.

“Mənə İşıq Göstər” layihəsi bir daha göstərdi ki, nəsillərarası ünsiyyət və həyat təcrübəsinin paylaşılması cəmiyyətimizdə mühüm dəyişikliklərin təməlini qoya bilər.

Həyatın yeni başlanğıcının erkən nikahla yox, sağlam seçimlə olduğunu xatırlayaq və xatırladaq.