30 dekabr 2025-ci il tarixində İlham Əliyev tərəfindən imzalanan Sərəncamla Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.
Sərəncama əsasən, Müşahidə Şurasında dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri yer alır.
QHT.az Müşahidə Şurasının yeni üzvləri haqqında məlumatları təqdim edir.
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi
Müşahidə Şurasının üzvlərindən biri Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədlidir.
Elşad Məmmədli haqqında qısa məlumat:
1986-cı ildə anadan olub
2008-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini bitirib
“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2010–2012-ci illərdə Almaniyanın Julius Maksimilian Vürzburq Universitetində Avropa hüququ üzrə magistratura təhsili alıb, eyni zamanda hüquq fakültəsində elmi işçi kimi çalışıb
2013–2019-cu illərdə Azərbaycan Dövlət Neft Fondunun Hüquq Departamentində hüquq məsləhətçisi və baş hüquq məsləhətçisi vəzifələrində işləyib
2017–2022-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin SABAH qruplarında mülki hüquq fənnini tədris edib
2019–2023-cü illərdə Almaniyanın Martin-Luter Halle-Vittenberq Universitetində müqayisəli hüquq üzrə doktorantura təhsili alıb
Bu vəzifəyə təyin olunmazdan əvvəl Almaniyanın nüfuzlu Lupp+Partner Partnerschaft mbB hüquq şirkətində hüquq məsləhətçisi kimi fəaliyyət göstərib
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri - Zaman Hüseynov
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru
Təsdiq olunan üzvlər arasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari də var.
Elnarə Ənsari haqqında qısa məlumat:
1979-cu ildə anadan olub
1996–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alıb
2001–2014-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr şöbəsində müxtəlif vəzifələrdə çalışıb
2014–2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini olub
2024-cü il oktyabrın 1-dən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində direktor vəzifəsini müvəqqəti icra edib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib
İngilis və rus dillərini bilir
Ailəlidir, iki övladı var
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü - Rizvan Nəbiyev
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü - Xatirə Vəliyeva
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri - Fuad Məmmədov
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü. - Fizzə Mirzayeva












