Azərbaycanın tarixi-mədəni irsinin qorunması və turizm vasitəsilə davamlı inkişafı məsələləri Bolqarıstanın Plovdiv şəhərində keçirilən beynəlxalq elmi konfransda təqdim olunub.

2-4 oktyabr 2026-cı il tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən “İrs, icmalar və ərazilər” beynəlxalq elmi konfransında müxtəlif ölkələrdən alim və tədqiqatçılar mədəni irs, dini və etnik icmalar, miqrasiya, kollektiv yaddaş, turizm, gender, musiqi mədəniyyəti və Osmanlı dövrünün sosial institutları ilə bağlı araşdırmalarını təqdim ediblər.

Azərbaycanı konfransda tarixçi və arxeoloq Fariz Xəlilli təmsil edib. Onun “Mədəni turizmdən mədəni irs turizminə: Azərbaycanın Basqal Tarix-Mədəniyyət Qoruğu nümunəsində” adlı məruzəsi Basqalın maddi və qeyri-maddi mədəni irsinin müasir turizm yanaşmaları əsasında qorunması və təqdim edilməsinə həsr olunub.

Məruzədə ICOMOS-un 1976, 1999 və 2022-ci illərdə qəbul etdiyi mədəni turizm sənədlərində yanaşmaların dəyişməsi müqayisəli şəkildə təhlil edilib. Bildirilib ki, müasir mədəni irs turizmi yalnız tarixi abidələrin ziyarətindən ibarət deyil. Yerli icmanın prosesdə iştirakı, yaşayan irsin qorunması, interpretasiya, ziyarətçi yükünün idarə edilməsi, monitorinq, dayanıqlılıq və iqlim amillərinin nəzərə alınması müasir yanaşmanın əsas komponentlərindəndir.

Basqal bu baxımdan yaşayan irs məkanı kimi təqdim olunub. Qəsəbənin ənənəvi yaşayış evləri, sənətkarlıq mühiti, ipəkçilik və kəlağayı ənənəsi, dini və ictimai tikililəri, su sistemi, epiqrafik və arxeoloji irsi, ailə yaddaşı və gündəlik məişət mədəniyyətinin bir-birindən ayrılmadan qorunmasının əhəmiyyəti vurğulanıb. NUĞAY Qeyri-Maddi Mədəni İrs Turizmi Mərkəzinin fəaliyyəti isə yerli mədəni irsin interpretasiyası, sənətkarlıq, qonaqpərvərlik və icma iştirakını birləşdirən praktik nümunə kimi təqdim edilib.

Konfransın digər məruzələrində Balkanlar və Avropanın müxtəlif bölgələrində dini və etnik icmaların tarixi və müasir vəziyyətinə xüsusi diqqət ayrılıb. Mila Maeva adventist icmalarını, Əminə İnanır Türkiyədəki köhnəinanclı kazakların mədəni özünümühafizə təcrübəsini, İrena Yançeva Prizren və Priştina ilə bağlı az öyrənilmiş bolqar icmalarını, Polina Trifonova Bolqarıstandakı Krım tatarlarının “ev” və “vətən” təsəvvürlərini araşdırıb.

Nərgiz İmamoğlu Bolqarıstan-Türkiyə sərhədini miqrantların yaşanmış təcrübəsi kontekstində, Stoyan Nikov isə polietnik yaşayış məkanlarında resursların bölüşdürülməsi, sosial münasibətlər və mədəni yaxınlıq məsələlərini təhlil edib. Milena Angelovanın məruzəsi Ermənistandakı yezidilərin kimliyi, dini irsi və ictimai görünürlük məsələlərinə həsr olunub.

Helsinki Universitetindən Emmi Kujanpää Finlandiya və Bolqarıstan arasında xalq musiqisi əməkdaşlığını gender bərabərliyi baxımından təqdim edib. Tədqiqatda qadınların xalq musiqisində ifaçı, bəstəkar və yaradıcı qərarverici kimi mövqeyi, transsərhəd mədəni əməkdaşlıq və gənclərin yaradıcılığının dəstəklənməsi məsələləri müzakirə olunub.

Osmanlı irsi ilə bağlı məruzələr də xüsusi maraq doğurub. Dr. Sezer Nehat XVI-XIX əsrlərdə Silistrədə vəqf mədəniyyətinin transformasiyasını, iri torpaq və daşınmaz əmlak vəqflərindən pul vəqflərinin geniş yayılmasına qədər baş verən dəyişiklikləri təqdim edib. Məruzədə Dunay hövzəsində kənd təsərrüfatı istehsalı, ticarət, şəhər infrastrukturu və vəqflər arasındakı iqtisadi əlaqələr göstərilib.

Kamal Raşid isə Karlovodakı tarixi Kurşun məscidini “çətin irs” anlayışı kontekstində təhlil edərək tarixi autentiklik, kollektiv yaddaş və müasir kimlik narrativləri arasındakı münasibətlərə toxunub.

Konfransda təqdim olunan tədqiqatlar göstərib ki, mədəni irsin qorunması yalnız keçmişdən qalmış maddi obyektlərin mühafizəsi ilə məhdudlaşmır. İrs yaşayan icmalar, onların yaddaşı, dini və sosial təcrübələri, ənənəvi bilikləri və müasir ehtiyacları ilə birlikdə qiymətləndirildikdə davamlı məna qazanır.

Azərbaycanın Basqal nümunəsinin beynəlxalq elmi mühitdə təqdim olunması ölkənin zəngin maddi və qeyri-maddi mədəni irsinin müasir beynəlxalq irs yanaşmaları əsasında tanıdılması, həmçinin Azərbaycan təcrübəsinin Balkan və Avropa ölkələrinin təcrübələri ilə müqayisəsi baxımından əhəmiyyət daşıyır.