Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək vətənpərvər və sağlam gənclərdir” adlı layihə çərçivəsində Bakı şəhərində maarifləndirmə məqsədilə ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində layihənin icrasına başlanılması ilə bağlı Birliyin növbədənkənar İdarə Heyəti iclasını keçirib.
İclasda GVİB-nin İdarə Heyəti, Birliyin yerli təşkilatlarının təmsilçiləri və fəxri üzvləri iştirak ediblər.
Giriş sözü ilə tədbiri açıq elan edən İdarə Heyətinin üzvü R. Novruzov gündəlikdə duran məsələləri tədbir iştirakçılarının nəzərinə çatdırıb və sözü layihənin rəhbəri M. Əliyevə verib.
M. Əliyev qeyd edərək bildirib ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan layihə ilə bağlı Birliyin İdarə Heyətində müzakirələr aparılıb və icra planına uyğun olaraq, ilk növbədə, layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılıb, əmr və müqavilələr hazırlanıb. Bununla yanaşı, təşkilatın 12 fəalı da könüllü olaraq layihəyə cəlb edilib. İşçilər arasında müvafiq təlimatlar verilib və iş bölgüsü aparılıb. Bu mərhələdə həmçinin işçi heyətinin kollektiv müzakirəsi əsasında çap ediləcək.
Layihənin başlama müddəti 1 oktyabr tarixindən 31 dekabr 2026-cı il tarixinə qədərdir. Layihənin 3 ay müddətində bir neçə mərhələdə icra olunması nəzərdə tutulur.
Layihənin 1-ci mərhələsinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərin fiziki, psixoloji, fizioloji, ideoloji və mənəvi sağlamlığının artırılması, gənclər arasında təbliğat işinin gücləndirilməsi, sağlam həyat tərzi ilə bağlı fiziki hazırlıq, dözümlülük, mərdlik, təşəbbüskarlıq və zirəklik, soyuqqanlılıq kimi keyfiyyətlərin artırılması, Vətənimiz üçün fiziki cəhətdən sağlam, dövlət və dövlətçiliyimizi hər an qorumağa hazır gənclərin formalaşdırılması üçün maarifləndirmə işlərinin gücləndirilməsi ilə bağlı olduğunu deyən layihə rəhbəri onu da qeyd edib ki, mərhələli şəkildə oktyabr, noyabr, dekabr aylarında Bakı şəhərinin bir neçə ümumtəhsil məktəbində və idman cəmiyyətlərində müxtəlif növ tədbirlər keçiriləcək.












