Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri və təhsil eksperti Əmrah Həsənli QHT.az-a açıqlamasında regionlarda kadr çatışmazlığının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Onun sözlərinə görə, xüsusi proqramlar çərçivəsində xaricdə təhsil almış mütəxəssislərə yaşayış və sosial dəstək təmin edilir:
"Bu təşəbbüslər paytaxtdan kənarda da peşəkar iş mühitinin yaradılmasına xidmət edir. Həmçinin milli təhsil və səhiyyə sistemində beynəlxalq standartların tətbiqinə şərait yaradır."
Əmrah Həsənli bildirib ki, görülən işlər yalnız məzunların ölkəyə qayıdışını təşviq etməklə məhdudlaşmır:
"Məqsəd gənclərin ixtisaslarına uyğun fəaliyyət göstərməsi, peşəkar bacarıqlarını maksimum dərəcədə reallaşdırması və ölkədə uzunmüddətli karyera qurmasına şərait yaratmaqdır. Bu yanaşma həm ölkənin strateji inkişafına töhfə verir, həm də xaricdə təhsil almış gənclərin bilik və təcrübəsinin yerli mühitə effektiv inteqrasiyasını təmin edir."
Pərvanə Fərhadqızı












