“Humanitar Tədqiqatlar” İctimai Birliyi yeni layihənin icrasına başlayıb.

QHT.az xəbər verir ki, birliyinin rəhbəri Mehriban Məmmədovanın verdiyi məlumata görə, layihə çərçivəsində regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili nəzərdə tutulur: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Məqsəd cəbhəyanı regionda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili ilə ictimai rəyin öyrənilməsidir. Respublikamız müharibə dövründə olduğu kimi, sülh quruculuğu mərhələsində də beynəlxalq hüquqa əsaslanan mövqeyini aydın şəkildə ifadə edir. Ölkəmiz ən ali səviyyədə sülhə hazır olduğunu, Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən ermənilərin bütün hüquqlarının tanınacağı bəyan edib.”

Birlik rəhbəri həmçinin bildirib ki, Qarabağ, Ermənistanla təmas xəttində yaşayan sakinlərlə də regionda sülhün təmin edilməsi, ermənilərlə birgəyaşayışın mümkünlüyü ilə bağlı müzakirə aparılacaq: “Ağdam, Tərtər, Bərdə  və Qazax rayonlarının hər birində bir dəfə olmaqla, ümumilikdə 4 ictimai müzakirə keçiriləcək. Təmas xəttində illərlə atəş altında yaşayan insanların Ermənistanla sülhü necə gördükləri, ermənilərlə birgəyaşayış üçün təkliflərinin necə olması, gələcəkdə təkrar münaqişənin yaşanmaması üçün  həyata keçirilməsi vacib olan addımlarla bağlı region sakinlərinin rəyləri öyrəniləcək. Həyata keçirilən fəaliyyətin nəticəsi olaraq Ermənistanla sülhə nail olunması, ermənilərlə yanaşı yaşayışla bağlı cəbhə xəttində ictimai rəylə bağlı hesabat hazırlanacaq”.

 

Pərvanə Fərhadqızı