Düşünürük ki, son elmi yeniliklər nəzərə alınmaqla, müasir müalicə protokollarının tərtib olunmasında, davamlı əsasda yenilənməsində beynəlxalq təcrübəyə uyğun olaraq, ixtisaslaşmış peşə birlikləri, profil üzrə QHT-lər layiqli töhfə verə bilər.
Bu fikirləri Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Bakıda Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə IV Milli və II Beynəlxalq Pediatriya Konqresində çıxışı zamanı bildirib.
Sektor müdiri deyib ki, Gələcəyə sizlər qədər toxuna bilən, onu hamıdan tez hiss edən peşə sahibləri çox azdır. Pediatriya təkcə tibb elmi üçün deyil, dövlət üçün də strateji sahədir.
"Ümummilli Lider Heydər Əliyevin digər istiqamətlərdə olduğu kimi, vaxtında səhiyyə sahəsində də formalaşdırdığı möhkəm təməl, dövlət siyasəti və onun bəhrələrinin bu gün - Ulu Öndərin anım günündə bu cür səmimi duyğular, dərin hörmətlə xatırlanması bir daha bu görkəmli şəxsiyyətin tarix və xalq qarşısında xidmətlərini nümayiş etdirir.
Burada paralel təşkil olunan - həm milli, həm də beynəlxalq müstəvidə müzakirələrin zəngin proqramları ilə tanışlıq göstərir ki, ortada böyük bir əmək, zəhmət, fədakarlıq var.
Azərbaycan Pediatriya Cəmiyyəti səmərəli fəaliyyəti ilə ölkə hüdudlarını aşa bilən, Beynəlxalq Pediatriya Assosiasiyasının Mərkəzi Asiya regionu üzrə təmsilçisi mövqeyinə yüksəlmiş nümunəvi təşkilatdır. Azərbaycan QHT-sinin bu Assosiasiyanın ali idarəetmə orqanı olan Daimi Komitəsinin bu il növbəti dəfə üzvü seçilməsi ciddi göstəricidir. Bu, Assosiasiyada birləşən 148 ölkənin milli pediatriya cəmiyyətlərinə əlverişli çıxış imkanı, onların fəaliyyətlərinin əlaqələndirilməsində, tənzimlənməsində birbaşa iştirak fürsətidir. Ümid edirik ki, Azərbaycan Pediatriya Cəmiyyəti dünya ölkələrinin yarıdan çoxunu əhatə edən milli pediatriya cəmiyyətlərinin bu etimadını layiqincə doğruldacaq.
Azərbaycan Pediatriya Cəmiyyətininin bu ilin mayında Meksikada uğurlu ölkə təqdimatı nəticəsində ölkəmizin Beynəlxalq Pediatriya Assosiasiyasının Konqresinə evsahibliyinə əsas namizəd ölkələr içərisində ilk dəfə üst pillələrdə qərarlaşdı. Qarşıdakı dövrdə bu sistemli işin real nəticə verəcəyinə inanırıq.
Son illər Azərbaycanda səhiyyə profilli təşkilatların fəaliyyətində müşahidə olunan canlanma, təşəbbüskarlığın artması, layihələrin keyfiyyətinin yüksəlməsi sevindiricidir. Yaxın vaxtlarda ölkədə səhiyyə profilli QHT-lərin ilk forumu təşkil olunacaq.
Düşünürük ki, son elmi yeniliklər nəzərə alınmaqla, müasir müalicə protokollarının tərtib olunmasında, davamlı əsasda yenilənməsində beynəlxalq təcrübəyə uyğun olaraq, ixtisaslaşmış peşə birlikləri, profil üzrə QHT-lər layiqli töhfə verə bilər."
PA rəsmisi qeyd edib ki, Tibb elmi, bu xüsusda pediatriya sürətlə dəyişir, zənginləşir. Bir tərəfdən uşaqların sağlamlığının daha səmərəli qorunmasını təmin edən kliniki, tibbi həllər tapılır, digər tərəfdən rəqəmsal texnologiyaların, sosial medianın, süni intellekt məhsullarının yan təsirləri, ifrat və nəzarətsiz istifadəsi uşaqları daha müdafiəsiz vəziyyətə gətirir. Təbii ki, zərərli asılılıqlar, virtual mühit aludəçiliyi onların sağlamlığına, inkişafına mənfi təsir göstərir.
“Economist” nəşrinin bu günlərdə süni intellektin uşaqların dünyasına təsiri barədə yayımladığı faktlar qlobal ictimai diqqəti evdə və məktəbdə süni intellekt kimi bacarıqlı rəqəmsal tərəfdaşla uşaq münasibətlərinə yönəldir, hətta bunun uşaq oyuncaqları sənayesinə köklü təsirini qiymətləndirir. Conatan Haydt səviyyəli müəlliflərin “Narahat nəsil” kimi işləri bu sahədə qlobal diskussiyalara müxtəlif peşə sahibləri kimi pediatrları da cəlb edib.
Hesab edirik ki, pediatriya sahəsində fəaliyyət göstərən ictimai birliklər uşaqların mənəvi dünyasının pozulmasına qarşı mübarizədə daha fəal olmalıdır, çünki bunun son nəticəsi uşaqların sağlamlığının itirilməsidir - deyə o əlavə edib.












