Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov Vətən müharibəsinin onuncu günü - 6 oktyabrla bağlı xatirələrini bölüşür. Nadir İsmayılov həmin günləri xatırlayaraq bildirib:

“Adətən, biz tarixi kitablardan oxumuşuq. Qəhrəmanlıq tarixi, şərəf tarixi. Amma bir də var o tarixin bir içərisində yaşayasan, o tarixin bir fərdi olasan, o tarixin hər saniyəsini, hər saniyənin mində birini belə, o tarixin iştirakçısı olasan. Bəs biz bundan altı il əvvəl belə bir xoşbəxtliyi yaşadıq. Zəfər tariximizin bir fərdi olduq, bir iştirakçısı olduq. Zəfər tariximizin hər qazanılan zəfərinə bütün Azərbaycan xalqı kimi biz də sevindik, biz də qürur hissi keçirdik.

Yadıma gəlir, təxminən oktyabrın beşi-altısı idi. Həmin günlərdə artıq Azərbaycan xalqında böyük bir qətiyyət var idi. Əgər sentyabrın 27-də biz nəhayət ki, qətiyyətlə başlamışdıqsa, artıq oktyabrın beşi-altısı Azərbaycan xalqı bir şeyə əmin idi: Azərbaycan Ordusu başladığı bu şərəfli savaşı tam qələbə ilə yekunlaşdıracaq.

Oktyabrın dördündə cənab Prezident xalqa növbəti müraciətində bu missiyanın davam edəcəyini vurğuladı. Bu, əslində, bir Ali Baş Komandanın həm ordusuna, həm də xalqına bir çağırışı idi. Biz dayanmayacağıq, biz irəli gələcəyik.

Qələbə qazandıqca mənim qızım bir söz dedi: “Ata, biz xoşbəxt deyilikmi?” Mən dedim ki, qızım, siz xoşbəxtsiniz. İkiqat xoşbəxtsiniz. Ona görə ki, siz işğal dövrünü görməmisiniz. Amma biz işğal dövrünü də görmüşük və bir zamanlar torpaqlarımız, kəndlərimiz, şəhərlərimiz işğal olunduqca nə qədər kədərlənirdiksə, nə qədər qəhərlənirdiksə, indi isə bunun əksini yaşayırıq. O xoşbəxtliyi yaşayırıq.

Biz hesab edirik ki, bu tarixi yaşamaqla yanaşı, hər birimizin üzərinə bir missiya düşür. Bu tarixi yazanların zəhmətinin davamlı olması üçün çalışmalıyıq.”.