Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT nümayəndələrinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında Orxan İsayev Vətən müharibəsinin on birinci günü – 7 oktyabrla bağlı xatirələrini bölüşür.
Orxan İsayev həmin dövrün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının qələbəyə inamından və müharibə günlərində yaşanan hisslərdən danışaraq bildirib:
“Bizim nəsil, daha dəqiq desək, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində doğulan insanlar demək olar ki, Qarabağ problemi ilə həmyaşıddırlar. Həmin problemlə birlikdə böyümüşük. Yaxşı xatırlayıram, hələ orta məktəbdə oxuyarkən, daha sonra universitetdə təhsil alarkən ilin müxtəlif günlərində, müxtəlif aylarda Qarabağ problemi nəticəsində işğal olunmuş rayonlarımızın işğal ildönümlərini, müxtəlif faciələri qeyd edirdik.
Lakin 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycanın çoxəsrlik tarixində elə bir dövr başladı ki, biz azərbaycanlılar artıq məğlubiyyətin, işğalın deyil, zəfərin və qələbənin ildönümlərini qeyd edəcəyimiz günlərin yaxınlaşdığını hiss edirdik. Həqiqətən də belə oldu. 27 sentyabr 2020-ci ildə başlanan Zəfər mücadiləsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizə böyük qələbə ilə başa çatdı. Bu, Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan bir Zəfər idi. Həm həmin hadisələrin canlı şahidi və iştirakçısı olan indiki nəsil, həm də gələcək nəsillər bu qələbə ilə daim fəxr edəcəklər.
Təbii ki, çox həyəcanlı günlər idi. Hər birimiz cəbhədən gələn xəbərləri diqqətlə izləyirdik. Demək olar ki, heç kim öz şəxsi problemlərini, gündəlik işlərini düşünmürdü. Hər kəsin yalnız bir amalı, bir məqsədi var idi: Qarabağda başlanan haqq mübarizəmiz qələbə və Zəfərlə başa çatsın.
Cənab Prezidentin də qeyd etdiyi kimi, onun hakimiyyəti illərində yetişən, tərbiyə və təhsil alan Azərbaycan gəncləri məhz bu amala, bu məqsədə xidmət edirdilər. Bunun bariz nümunəsi 44 gün ərzində Qarabağda aparılan şanlı mübarizə və qazanılan tarixi Zəfər oldu.
Hər bir kəndin, hər bir qəsəbənin azad olunması bizdə böyük fəxarət hissi yaradırdı. Lakin təbii ki, bu, müharibə idi və müharibədə itkilər qaçılmazdır. Vətən torpağı yalnız qələbələrlə deyil, həm də şəhid qanları ilə suvarılır. Ərazi bütövlüyü heç kimə hədiyyə edilmir, müharibədə qələbə heç kimə asan başa gəlmir. Azərbaycan xalqı da əsrlər boyu olduğu kimi, 2020-ci ildə başladığı haqq mübarizəsində itkilər verdi, şəhidlər verdi”.












