İyulun 21-də Laçının mədəniyyət ürəyi olan “Yurd” qalereyasında gənc və istedadlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, eyni zamanda “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin fəal üzvü olan Fuad Musayevin Laçında ilk fərdi sərgisi baş tutacaq.
QHT.az xəbər verir ki, bu barədə "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Çingizqızı məlumat verib. Onun sözlərinə görə, əslən Laçından olan 24 yaşlı rəssam eşitmə və nitq məhdudiyyətinə baxmayaraq, Azərbaycan mədəniyyətində öz dəst-xətti, fərqli baxışı və dərin duyğuları ilə seçilən gənclərdən biridir:
"Fuad danışmasa da, onun fırçası danışır – səsi rənglərdə, duyğuları isə rəsmlərində gizlidir. Sərgi “Yurd çağırır məni” adlanır və burada əsasən Qarabağ motivləri ilə zəngin olan əsərlər nümayiş etdiriləcək. Xüsusilə “Qarabağ xatunu” rəsmi əsasında ərsəyə gələn kompozisiyalar tamaşaçılara təqdim olunacaq. Bu sərgi yalnız bir sənət tədbiri deyil – həm də Laçının ruhuna qayıdışın, duyğuların vətənlə görüşünün simvoludur".
Fuad Musayevə bu yaradıcılıq yolunda uğurlar arzulayırıq.
Pərvanə Fərhadqızı












