"Suverenlik ili çərçivəsində Silahlı Qüvvələrin gücləndirilməsi zəruridir" - Rauf Zeyni
Bakı İctimai Əməkdaşlıq Mərkəzinin rəhbəri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci ilin “Suverenlik İli” elan olunması ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir.
QHT.az xəbər verir ki, Rauf Zeyninin sözlərinə görə, suverenlik ili ilə əlaqədar isə daha ciddi məsələlər var:
"Təbii ki, Azərbaycan dövlət büdcəsində Silahlı Qüvvələrin illik büdcəsi artırılıb. Azərbaycan regionda, yəni gərgin və təzadlı bir bölgədə öz daimi suverenliyini, müstəqilliyini və təhlükəsizliyini təmin etməlidir. Ona görə də düşünürəm ki, suverenlik ili çərçivəsində bütün istiqamətlərdə Silahlı Qüvvələrimiz gücləndirilməlidir. Bu Silahlı Qüvvələrimiz ki, Müzəffər Ordumuz torpaqlarımızın işğaldan azad olunmasında böyük qəhrəmanlıq göstərib, üç mindən çox şəhid verib və tarixi zəfər əldə olunub. İndi isə biz tarixi zəfərə uyğun, zəfərə layiq cəmiyyət qurmalıyıq və Konstitusiya suverenliyi ilə zəfərə layiq cəmiyyət qurmaq üçün çox böyük imkanlar, yeni imkanlar yaradılıb. Biz bu imkanlardan maksimum yararlanaraq Azərbaycanın gələcək yüksək inkişafını təmin etməliyik".
Pərvanə Fərhadqızı