Xəbərlər 27.05.2025 18:35 151

Baş katib: Azərbaycanın sosial təminat sahəsində 22 nümunəvi təcrübəsi BSTA-nın Yaxşı Təcrübələr Bazasında yer alıb

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Həmin tədbir ərəfəsində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Baş katibi Marselo Abi-Ramia Kaetano AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 

- Dünyanın müxtəlif ölkələrindən olan sosial təminat qurumlarını özündə birləşdirən BSTA üzv ölkələrin sosial təminat sistemləri qarşısında bu gün hansı yeni çağırışların dayandığını düşünür və həmin çağırışlara uyğun nə kimi addımların atılmasını vacib hesab edirsiniz?

- Sosial təminat sistemləri hazırda əhalinin yaşlanması, əmək bazarlarının sürətlə dəyişməsi, sosial və iqtisadi qeyri-sabitlik və iqlim dəyişikliyinin artan təsiri kimi ciddi çətinliklərlə üzləşir. Xüsusilə qeyri-formal və qeyri-standart məşğulluq sahələrində çalışan işçilərin əhəmiyyətli hissəsi hələ də yetərli səviyyədə sosial müdafiə ilə əhatə olunmayıb. Həmin çətinlikləri aradan qaldırmaq üçün sosial təminat sisteminin əhatə dairəsi genişləndirilməli, rəqəmsal yeniliklərdən istifadə artırılmalı, sistemlərin dayanıqlığı, eləcə də maliyyə dayanıqlığı gücləndirilməlidir. Eyni zamanda, sosial təminat siyasəti daha geniş şəkildə inkişaf və iqlim dəyişikliyi strategiyalarına da daxil edilməlidir.

BSTA-nın dünyanın müxtəlif ölkələrindən 330-dan çox sosial təminat qurumu olan üzvü var və biz bu qurumları bilik mübadiləsi, bacarıqların artırılması və gücləndirilməsi, həmçinin innovasiyaların tətbiqi sahəsində dəstəkləyirik. Biz, həmçinin digər beynəlxalq qurumlarla da sıx əməkdaşlıq edir və sosial təminatın qlobal miqyasda dayanıqlılıq və sosial inklüzivliyin əsas təməl sütunu kimi qalmasını təmin edirik.

- Ümumilikdə üzv ölkələrdə sosial inklüzivliyin artırılması, sosial təminat mexanizmlərinin səmərəli təşkili üçün BSTA hansı yeni təşəbbüsləri irəli sürür və proqramları təklif edir?

- BSTA-nın əsas baxışı sosial təminatda mükəmməllikdir və bu məqsədə çatmaqda biz üzv təşkilatlara daim dəstək oluruq. Belə ki, ana məqsədimiz hər kəsin hər yerdə ömürboyu zəruri sosial dəstək əldə etməsidir.

Fəaliyyətimizi sosial təminat idarəçiliyinin əsas sahələrini əhatə edən BSTA-nın təlimatları, həmçinin təlim və peşəkar bilik və bacarıqların artırılması üzərində qururuq. Bu il üzv qurumlarımızla birlikdə doqquz təlimat dəstini yeniləyəcək və yaşlı əhali üçün əhəmiyyəti getdikcə artan uzunmüddətli qulluq xidmətləri üzrə yeni təlimatlar təqdim edəcəyik.

Biz sosial təminat sahəsində innovasiyalara daha çox diqqət yetiririk və 2023-cü ildə sosial təminat innovasiyası üzrə beynəlxalq əməkdaşlıq üçün unikal platforma olan BSTA-nın Birgə İnnovasiya Mərkəzini istifadəyə verdik. Bizdə, həmçinin yeni beynəlxalq İcraçı Magistr proqramı da mövcuddur və bu xüsusda, üzvlərimiz üçün müstəqil təlim kursları təşkil edirik.

Son illər ərzində BSTA əlçatanlığı çətin hesab edilən qrupların, özünüməşğul şəxslərin və platforma işçilərinin sosial müdafiəsi sahəsində mühüm işlər görüb. 2024-cü ildə platforma işçilərinin sosial müdafiəsinə dair xüsusi tədqiqat və məlumatları əhatə edən Platforma İşçilərinin Müdafiəsi Portalını istifadəyə verdik.

Digər vacib istiqamətlərdən biri sosial təminat qurumlarının və sistemlərinin dayanıqlılığını artırmaqdır ki, bu da informasiya-kommunikasiya texnologiyaları və insan resurslarının idarə edilməsi ilə sıx bağlıdır. Bununla yanaşı, üzvlərimiz və tərəfdaşlarımızla birlikdə rəqəmsal transformasiya, süni zəka və kibertəhlükəsizlik sahələrində də tədqiqatlar aparır və təcrübə mübadiləsi həyata keçiririk.

- Azərbaycan BSTA ilə fəal əməkdaşlıq edir. 2019-cu ildə BSTA-nın Regional Sosial Təminat Forumu da Azərbaycanda keçirildi...

- 2019-cu ilin may ayında Bakıda keçirilən Regional Forum BSTA-nın Baş katibi kimi iştirak etdiyim ilk böyük tədbir idi. Həmin tədbirdə 35 Avropa ölkəsindən təxminən 300 nəfər iştirak edirdi. Forum yaddaqalan və ilhamverici təcrübə oldu. İnnovasiya, texnoloji yeniliklər və rəqəmsal iqtisadiyyat həmin tədbirin əsas müzakirə mövzuları idi. Tədbirdə əhalinin yaşlanması ilə bağlı dəyişən ehtiyaclar, həyat dövrü yanaşması və vətəndaş mərkəzli xidmətlər kimi hələ də aktuallığını qoruyan mövzular müzakirə edildi. Pensiya yaşının artırılması, yaşlı işçilərin aktivliyinin təşviqi, ailələrə verilən müavinətlər və səhiyyə xidmətlərinin daha çevik və səmərəli təşkili də müzakirə mövzuları arasında idi. Forum iştirakçıları tədbiri yüksək qiymətləndirdi və tədbirin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə birgə təşkili böyük bir uğur oldu.

- BSTA ilə Azərbaycan arasında gələcək əməkdaşlıqda nələri prioritet hesab edirsiniz və əməkdaşlıq gündəliyinin hansı istiqamətlər üzrə genişləndirilməsinə xüsusi önəm verərdiniz?

- Bir çox ölkələr kimi, Azərbaycan ümumi sosial təminat çağrışları ilə üzləşir və ölkənizin sosial təminat qurumları BSTA üzvlərinin müəyyən etdiyi prioritetlərdə fəal iştirak edirlər. Bu il Malayziyanın Kuala Lumpur şəhərində keçiriləcək Dünya Sosial Təminat Forumunda 2026-2028-ci illər üçün yeni prioritetlər müəyyən ediləcək. Son inkişaf göstəriciləri və tendensiyalar nəzərə alınmaqla bəzi düzəlişlər gözlənilsə də, əsas prioritetlər sosial təminat əhatəsinin genişləndirilməsi, idarəetmə və rəhbərlik sistemlərinin gücləndirilməsi, dayanıqlı sosial təminat qurumlarının və sistemlərinin yaradılması və vətəndaşların ömürboyu dəstəklənməsi olacaq. Azərbaycandan olan üzv qurumların spesifik prioritetlərinə gəlincə isə, onlar xidmət keyfiyyəti, rəqəmsal xidmətlərin təşkili, idarəetmə, kommunikasiya və digər sahələrdəki fəaliyyətə xüsusi maraq göstərir və biz də bu istiqamətlər üzrə əməkdaşlığımızı davam etdirəcəyik.

- Son illər Azərbaycanda sosial təminat sahəsində aparılan islahatları, həmin islahatların uğurları olaraq DOST modelini (yeri gəlmişkən, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi də son illər BSTA-ya üzv qəbul olunub) innovativ həllərin, rəqəmsal, həmçinin proaktiv xidmətlərin geniş tətbiqini necə qiymətləndirirsiniz?

- 2019-cu ildə Azərbaycana ilk səfərimdən bəri ölkənizdə müasir sosial təminat idarəçiliyinin inkişafı sahəsndə göstərilən səylərin və əldə olunan nəticələrin şahidi oldum. Bu, 2019, 2022 və 2024-cü illərdə BSTA-nın Avropa üzrə Yaxşı Təcrübələr Müsabiqəsində Azərbaycanın sosial təminat qurumlarının qazandığı çoxsaylı sertifikatlarla da təsdiq olunub. DOST Agentliyinin nailiyyətləri ilə yanaşı, sosial sahədə xidmətlərin “bir pəncərə” prinsipi əsasında tqdim edildiyi “e-sosial” portalını, həmçinin işəgötürənlər, işçilər, işaxtaranlar və işsizlər üçün vahid platforma rolunu oynayan “Əmək və Məşğulluq” altsistemini də qeyd etmək olar. Ümumilikdə Azərbaycanın sosial təminat sahəsində 22 nümunəvi təcrübəsi BSTA-nın Yaxşı Təcrübələr Bazasında yer alıb və onların hamısı sosial təminat sahəsində həllər hazırlayan digər üzv qurumlarımız üçün aktual və ilhamvericidir.

DOST, həmçinin beynəlxalq sertifikatlaşdırma və tanınma prosesindən keçib və BSTA tərəfindən Xidmət Keyfiyyəti üzrə Mükəmməllik Sertifikatı ilə təltif edilib. Bu, Azərbaycanda həyata keçirilən islahatların səmərəliliyini və DOST modelinin tətbiqinin yüksəkkeyfiyyətli sistemlərin və xidmətlərin qurulmasına səbəb olduğunu, eləcə də, bunun vətəndaşların rifahı naminə uğurla tətbiq olunduğunu sübut edir. Mən öyrəndim ki, DOST abbreviaturu Azərbaycan dilində dost yaxın yoldaş, arxadaş, birinin yaxşılığını, xoşbəxtliyini arzulayan, onu ürəkdən sevən mənasını bildirir və düşünürəm ki, bu, qurumun fəaliyyətini tam dolğun əks etdirən çox uğurlu simvolik addır. Əminəm ki, ölkənizdə müasir sosial müdafiə sisteminin uğurlu inkişafının əsas düsturu Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdırmaq istiqamətində ölkə rəhbərliyinin nümayiş etdirdiyi siyasi iradə ilə vətəndaşlarınızın ənənəvi olaraq yüksək təhsil səviyyəsinin vəhdətidir.

- Qabaqcıl təcrübələrin qlobal miqyasda təbliği və tətbiqinin genişlənməsi üçün BSTA hansı vasitələrə daha çox üstünlük verir?

- Sosial təminatın qlobal səviyyədə təşviqi və sosial təminat qurumlarının rolu baxımından BSTA bir sıra beynəlxalq və regional forumlarda fəal iştirak edir. Biz BMT-nin müxtəlif agentlikləri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər beynəlxalq birliklərlə əməkdaşlıq edirik. Ən önəmlisi – BSTA Beynəlxalq Əmək Təşkilatı ilə birgə BRICS və G20 ölkələrinin əmək və məşğulluq nazirlərinə dəstək və tövsiyələr təqdim edir. Bununla yanaşı, hər bir qitədə aparıcı regional təşkilatlarla da tərəfdaşlıq münasibətləri qururuq.

Yaxşı təcrübələrin təşviqi sahəsində BSTA öz üzv qurumlarının geniş təcrübəsinə əsaslanır. Hazırda BSTA-nın məlumat bazasında 2 mindən çox nümunəvi təcrübə mövcuddur. Bu təcrübələr BSTA-nın regional Yaxşı Təcrübə Mükafatı müsabiqələri vasitəsilə toplanır və Azərbaycan həmin müsabiqələrdə bir neçə dəfə uğurla çıxış edib. Yaxşı təcrübələr BSTA-nın regional və beynəlxalq tədbirlərində, eləcə də vebinarlarında təqdim olunur və müzakirə edilir. Təcrübələr, həmçinin BSTA-nın rəsmi internet səhifəsində yayımlanan analitik məqalə və nəşrlər üçün əsas mənbə rolunu oynayır. Həmin dəyərli təcrübələr həm ayrı-ayrılıqda faydalı nümunə kimi, həm də sosial təminat sahəsində regional və beynəlxalq miqyasda tendensiyaların və inkişaf meyillərinin təhlili üçün mühüm əhəmiyyət daşıyır.

- Ötən il Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ilə BSTA arasında əməkdaşlıq sənədi - Anlaşma Memorandumu imzalandı. Sənədin əhatə etdiyi birgə fəaliyyət istiqamətləri əməkdaşlıqda hansı yeni irəliləyişlərə imkan yaradıb?

- Anlaşma Memorandumunun imzalanmasından məmnunluq duyuruq, çünki həmin sənəd Azərbaycanın BSTA-nın fəaliyyətinə və sosial təminat sahəsində inkişaf proseslərinə davamlı və güclü şəkildə cəlb olunduğunu göstərir. Memorandum BSTA Təlimatlarının hazırlanması və ekspert qiymətləndirməsi, təlimlərin təşkili, peşəkar bilik və bacarıqların artırılması, BSTA-nın müxtəlif məhsul və xidmətlərinin təşviqi, eləcə də nəşrlərin tərcüməsi və magistratura səviyyəsində tədris sahələrində əməkdaşlığı nəzərdə tutur.

- Yaxın günlərdə Azərbaycana səfəriniz gözlənilir. Səfəriniz və onun məqsədləri barədə nə deyərdiniz?

- Səfərin əsas məqsədi Avrasiya ölkələrindən olan üzvlərlə əməkdaşlığımıza yeni təkan vermək, eləcə də Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu tərəfindən təşkil ediləcək “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfransda iştirak etmək olacaq. Konfrans Dövlət Sosial Müdafiə Fondunun sədrlik etdiyi və əsasən, MDB ölkələrini əhatə edən Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək. Azərbaycandan və region ölkələrindən olan BSTA üzvlərinin Assosiasiyanın dəyərlərinə və “Heç kim geridə qalmayacaq” kimi əsas məramına sadiqliyini davam etdirmələrini məmnuniyyətlə vurğulayıram.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı