Əməyin mühafizəsi sahəsində Türkiyə ilə gələcək əməkdaşlıq müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndə heyəti Türkiyəyə səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəhbəri İbrahim Esenkarla görüşüb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi və əməyin mühafizəsi sahəsində son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib.
O, iki ölkə arasında bu sahədə uğurlu əməkdaşlığın həyata keçirilməsinin məmnunluq doğurduğunu, əməkdaşlıq çərçivəsində aparılan təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğunu vurğulayıb.
İbrahim Esenkar Azərbaycan və Türkiyə arasında sosial sahədə genişlənən əlaqələrin əhəmiyyətindən bəhs edib. O, əmək münasibətləri və iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması istiqamətində həyata keçirilən təcrübə mübadilələrinin önəmini diqqətə çatdırıb.
Görüşdə əməyin mühafizəsi sahəsində hər iki ölkədə görülən işlər və bu sahədə gələcək əməkdaşlıq müzakirə olunub.