Uşaqların ağzını “skoç”layan müəllim internetdə yox, öz aramızdadırsa...
Uşaqların ağzını “skoç”layan müəllim internetdə yox, öz aramızdadırsa... Artıq məlum informasiyadır, hamı xəbərdən xəbər tutub. Bakıdakı 112 saylı tam orta məktəbin ibtidai sinif müəllimi musiqi dərsində şagirdlərə rəqs öyrədərkən onların ağzını “skoç”layıb.
Az qala, hamı bu utancverici hadisədən danışır. Əvvəla, onu deyim ki, müəllimin bu hərəkəti nə qədər üz qızardandırsa, cəmiyyətin haqlı etirazı təqdiredicidir. Demək, cəmiyyət biganə deyil, cəmiyyət onu narahat edən hadisəyə təpki göstərir, etirazını bildirir. Müəllim niyə belə edib, nədən bu yola əl atıb, tək özü bilir. Amma hər özü bildiyini etmək bir müəllimə nə qədər yaraşır, ona nə qədər “baş ucalığı” gətirir, gərək o müəllim bunu da bilsin. Deyilənə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsi müəllimin izahatını alıb, ona xəbərdarlıq edib... Sözümün canı bu deyil. ...Bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaq alveri ilə mübarizə sahəsində “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda dəyirmi masada iştirak etdim.
Tədbirdə uşaqların kibertəhlükəsizliyi və zərərli informasiyadan qorunması, sosial şəbəkələrin və süni intellektin yaratdığı risklər, eləcə də insan alveri və məcburi əmək cinayətlərinin qarşısının alınması istiqamətində dövlət orqanlarının birgə fəaliyyəti müzakirə olundu. Bütün çıxışlarda bir həyəcan təbili vardı. AQUPDK-nin şöbə müdiri Elgün Səfərovun diqqətə çatdırdığı rəqəmlər həyəcanı daha da artırdı: “...74% uşaq internetdən istifadə edir, 67% valideyn ona mane olmur, 45%-dən yuxarı gündə 5 saat internetdən istifadə edir və s. Heç bir valideyn bilmir ki, internetdə hər hansı bir oyun oynayan uşağa reklam zamanı nə təklif olunacaq?”.
Digər natiqlərin dilindən səslənən “onlayn narkotik satışı, insan alveri və uşaqlar” və s. bu kimi terminlər də narahatedici faktlar idi. Bəli, internetin hegemonluq etdiyi günümüzdə müzakirə mövzusu çox aktual idi. Bu tədbir uşaqları kiber mühitdə hər cür təhlükələrdən qorumaq üçün birgə fəaliyyətin vacibliyini ortaya qoydu. Çıxış edənlər çox faydalı təkliflər səsləndirdilər. Hamı bir fikirdə yekdil idi: maarifləndirmə tədbirləri artırılmalıdır.
Əlbəttə, bu istiqamətdə müsbət nümunələr var, amma söhbət valideynin, ailənin, məktəbin, dövlət qurumların, ictimai təşkilatların, mətbuatın birgə fəaliyyətindən, əməkdaşlığın genişləndirilməsindən gedir. Uşaqları, eləcə də onların valideynlərini İnternetdə qarşılaşa biləcəkləri təhlükələr, risklər barədə məlumatlandırmaq çox vacibdir. Kimsə İnternetdə “oyun” yaradır, pul qazanır, kim isə bu oyunlarda tələyə düşür, həyatı məhv olur. Dövlət bunun qarşısının alınması üçün çox iş görür, biz də cəmiyyət olaraq bu işdə öz məsuliyyətimizi dərk etməliyik. Yetər ki, gələcəyimiz olan uşaqları bu təhlükənin caynağından qoparaq. Söhbət təkcə bizim yox, ölkənin gələcəyindən gedir... İndi isə sözümün canını deyim. Biz internetdə uşaqları gözləyən təhlükəli oyunlardan danışırıq.
Bəs məktəbdəki “təhlükəli oyun”a nə ad verək? Üstəlik, əgər uşaqların ağzını “skoç”layan müəllim internetdə yox, öz aramızdadırsa?.. İnanırıq ki, dövlət qurumları bu xoşagəlməz hadisə ilə bağlı müvafiq tədbirlər görəcək. Ən arzuolunan isə odur ki, bu cür tədbirlər bir daha təkrarlanmasın...
Firuzə Rəsulova
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri