"Süni intellektin imkanlarının genişləndirilməsi qlobal və eyni zamanda iqtisadi inkişaf üçün yeni imkanlar yaratsa da, digər tərəfdən kiber cinayətlərin sayının artmasını müşahidə edirik. Praktiki olaraq həm qlobal, həm də milli səviyyədə informasiya və kommunikasiya sistemlərindən istifadə etməklə törədilən kiber cinayətlərin sayında artım müşahidə olunur".
QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu baxımdan, təbii ki, Konvensiyaya qoşulma bir tərəfdən Azərbaycanın suveren hüquqları çərçivəsində bu sahədə əməkdaşlığın qurulmasına və davam etdirilməsinə imkan yaradacaq. Digər tərəfdən isə vətəndaşlarımızın iqtisadi hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır:
"Aydındır ki, informasiya və kommunikasiya sistemlərindən istifadə etməklə kibercinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi qlobal əhəmiyyət kəsb edir. Bu istiqamətdə nəzarət mexanizmlərinin yaradılması və yeni konvensiyanın hazırlanması zəruridir. Eyni zamanda müşahidələr və rəsmi statistika göstərir ki, son illər, xüsusilə vətəndaşlarımızın bank hesablarından informasiya və texnologiya sistemlərindən istifadə etməklə vəsaitlərin oğurlanması halları artıb. Rəsmi statistikaya əsasən, 2024-cü ildə məhz kiber müdaxilə nəticəsində 16 008 fakt qeydə alınıb. Bu isə o deməkdir ki, il ərzində vətəndaşlarımızın bank hesablarından 22 000 000 manatdan artıq vəsait oğurlanıb. Aparılan rəsmi araşdırmalar göstərir ki, bu vəsaitlərin daha çox xarici kiber müdaxilə nəticəsində talan edilməsi mümkün olub".
Pərvanə Fərhadqızı












