QHT sədri Xəlil Süleymanov Məktəb psixoloqu deyəndə ilk olaraq göz önünə məktəb, şagird, müəllim və valideyn münasibətləri, uşaqların psixoloji vəziyyətinin öyrənilməsi və onlara göstərilən psixoloji dəstək gəlir. Lakin mən hesab edirəm ki, məktəb psixoloqunun missiyası məktəbin həyətindən kənarda da davam edir.
Cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusilə müharibənin, mina təhlükəsinin və digər sosial problemlərin təsirinə məruz qalan insanların psixoloji dəstəyə ehtiyacı olduğu bir dövrdə məktəb psixoloqlarının peşəkar potensialından daha geniş istifadə etmək mümkündür.
Məhz bu düşüncə ilə həyata keçirdiyimiz layihədə məktəb psixoloqlarının sosial təşəbbüslərdə iştirakı üçün müraciət etdik və bunun nə qədər əhəmiyyətli olduğunu bir daha gördük.
“Şəfa” Psixoloji Sosial Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən və mina və partlamamış hərbi sursatlardan zərərçəkmiş şəxslərin psixososial reabilitasiyasına və cəmiyyətə reinteqrasiyasına yönəlmiş layihə çərçivəsində Füzuli, Cəbrayıl, Laçın, Tərtər və Ağdam rayonlarında müxtəlif psixoloji tədbirlər keçirildi. Bu görüşlər zamanı biz bir daha şahid olduq ki, mina və PHS-dən zərər çəkmiş insanların ehtiyacı yalnız maddi və ya tibbi yardımla bitmir. Onların bir qisminin danışmağa, dinlənilməyə, başa düşülməyə və psixoloji dayağa ehtiyacı var.
Belə məqamda psixoloqun cəmiyyətə verə biləcəyi töhfə xüsusi əhəmiyyət daşıyır.
Layihə çərçivəsində bu baxımdan diqqət çəkən nümunələrdən biri məktəb psixoloqu Piyalə Abışovanın könüllü iştirakıdır. Piyalə müəllimə öz əsas peşə fəaliyyətini məktəbdə həyata keçirməsinə baxmayaraq, layihəyə könüllü şəkildə qoşularaq peşəkar bilik və bacarıqlarını sosial ehtiyacı olan insanların dəstəklənməsinə yönəltdi. O, iştirakçılarla ünsiyyətdə, psixoloji məşqlərdə və qrup müzakirələrində fəal iştirak etdi.
Mən Piyalə müəllimənin bu fəaliyyətini sadəcə bir layihədə iştirak kimi deyil, məktəb psixoloqunun sosial missiyasının real nümunəsi kimi qiymətləndirirəm. Çünki məktəb psixoloqunun əlində yalnız peşə diplomu və iş yeri deyil, həm də insanı dinləmək, onun hisslərini anlamaq, emosional vəziyyətini qiymətləndirmək və çətin vəziyyətdə ona düzgün istiqamət vermək bacarığı var. Bu bacarıqlar yalnız məktəbdə deyil, cəmiyyətin ehtiyac duyduğu hər yerdə faydalı ola bilər.
Mən bütün məktəb psixoloqlarını belə sosial təşəbbüslərə daha fəal qoşulmağa çağırıram. Əlbəttə, bu, məktəb psixoloqunun əsas vəzifələrini ikinci plana keçirmək demək deyil. Əksinə, məktəbdə qazandığı peşəkar təcrübəni və insanlarla ünsiyyət bacarığını imkan daxilində cəmiyyətin digər həssas qruplarına da təqdim etməkdir.
Bu gün müharibə iştirakçıları, şəhid ailələri, mina və PHS-dən zərər çəkmiş şəxslər, məcburi köçkünlük təcrübəsi yaşamış ailələr, sosial həssas qruplar və müxtəlif səbəblərdən psixoloji dəstəyə ehtiyacı olan insanlar cəmiyyətimizin bir hissəsidir.
Onların hər birinin hekayəsi fərqlidir. Amma ortaq bir ehtiyac var: dinlənilmək və anlaşılmaq.
Bəzən bir psixoloqun bir neçə saatlıq könüllü fəaliyyəti bir insanın həyatında düşündüyümüzdən daha böyük iz buraxa bilər. Bir söhbət, bir düzgün sual, bir psixoloji məşq və ya sadəcə səbrlə dinləmək insanın özünü tək hiss etməməsinə kömək edə bilər. Mən hesab edirəm ki, məktəb psixoloqları bu sahədə böyük potensiala malikdirlər.
Məktəb cəmiyyətin ən mühüm sosial dayaqlarından biridir. Məktəb psixoloqu isə həmin insanlarla ən yaxın təmasda olan mütəxəssislərindən biridir. Bizim layihədə Piyalə müəllimin iştirakı göstərdi ki, belə əməkdaşlıq mümkündür. Bir məktəb psixoloqu öz peşə fəaliyyətindən kənara çıxmadan, könüllü əsaslarla sosial layihəyə qoşularaq başqa insanların həyatına toxuna bilər. Bu nümunənin daha çox psixoloq tərəfindən davam etdiriləcəyinə inanmaq üçün əsasımız var. Çünki psixoloqun işi yalnız psixoloji problemi müəyyən etmək deyil, insanın öz gücünü yenidən hiss etməsinə kömək etməkdir.
Layihə çərçivəsində müxtəlif rayonlarda mina və PHS-dən zərər çəkmiş insanlarla görüşərkən bir həqiqətin bir daha şahidi olduq ki, müharibənin bəzi yaraları görünür, bəziləri isə insanın daxilində yaşayır.
Görünən yaranın müalicəsi üçün həkimə ehtiyac olduğu kimi, görünməyən yaranın sağalması üçün də psixoloqa ehtiyac var. Ona görə də mən məktəb psixoloqlarına müraciət etmək istəyirəm: Sizin peşəkar bilikləriniz yalnız məktəbin divarları arasında qalmamalıdır.
İmkanınız, vaxtınız və şəraitiniz olduqda sosial təşəbbüslərə qoşulun. Həssas insanlarla işləyin. Könüllü fəaliyyət göstərin. Çünki cəmiyyətin psixoloji sağlamlığı yalnız psixoloji xidmət göstərən qurumların deyil, hər bir psixoloqun sosial məsuliyyətidir.
Piyalə Abışovanın layihəmizdə iştirakı isə bu düşüncənin sadəcə fikir olmadığını, real fəaliyyətə çevrilə biləcəyini göstərən gözəl nümunələrdən biridir.
“Şəfa” Psixoloji Sosial Yardım İctimai Birliyinin sədri Xəlil Süleymanov












