Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinq keçirilir. 

QHT.az xəbər verir ki, tədbirdə Komitənin nümayəndələri, İctimai Şuranın üzvləri, QHT sədrləri iştirak edir. Media nümayəndələrini maraqlandıran suallar cavablandırılır. 

Tədbirdə çıxış edən Komitə sədri Bahar Muradova bildirib ki, artan imkanlarımız məhz işğaldan azad olunmuş ərazilərin bərpasına və ordumuzun gücünün artırılmasına yönəldilməlidir: "Azərbaycan hərbi cəhətdən güclü bir ölkədir. Cənab Prezident Böyük Qayıdış proqramının birinci hissəsinə aid olan işlərin çox böyük sürətlə getdiyini və görülən bu işlərin Azərbaycanın daxili və xarici siyasətini müəyyənləşdirən əsas parametrlərdən biri olduğunu dünyanın diqqətinə çatdırıb".

Bahar Muradova həmçinin qeyd edib ki, bizi sevindirən nəticələr ondan ibarətdir ki, bu dövrdə Azərbaycanın maliyyə imkanları xeyli dərəcədə artdı: "Milli Məclis bununla bağlı qərar qəbul etdi, büdcəyə əlacələr oldu. Bu əlavələr Şərqi Zəngəzur və Qarabağda gedən işlərə, xüsusilə hərbi sahənin inkişafına yönəldiləcək. Biz parametrlər üzrə işimizin öhdəsindən gəlməyə çalışmışıq. Biz qanunverici əsasla fəaliyyət göstəririk. Bu müddət ərzində Komitə tərəfindən 6 qanun layihəsi hazırlanıb, 5 digər qurumlardan daxil olan sənədlərə rəy və təkliflər bildirilmişdir. Biz bir sıra qanun layihələrinə dəyişikliklər həyata keçirməliyik. 6 müxtəlif layihə üzrə 40-dan çox təlim, seminar, icmalarla görüş keçirilib. Buraya Türkiyə ilə bağlı məsələlər də aiddir. 17 erkən nigahın qarşısı alınıb. Cari ildə erkən nikah ilə bağlı 20 fakt aşkarlanıb". 

 

Pərvanə Fərhadqızı