BMT-nin Əhali Fondunun (UNFPA) icraçı direktoru Diene Keita bildirib ki, ABŞ-nin maliyyə dəstəyini dayandırması indiyədək xilas edilən qadınların həyatında əldə olunan müsbət nəticələri aradan qaldırmayacaq. Onun sözlərinə görə, əvvəlki dəstək sayəsində bir çox qadının həyatı xilas edilib və gənc qızlara kömək göstərilib.
QHT.az xarici mediaya istinadən bildirir ki, UNFPA son bir il yarım ərzində maliyyə çətinlikləri ilə üzləşib. Donald Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra təşkilat yeni maliyyə vəsaiti almayıb, həmçinin imzalanmış və icrası davam edən onlarla müqavilə ləğv edilib.
Diene Keita Almaniyanın Berlin şəhərində keçirilən Dünya Sağlamlıq Sammiti çərçivəsində Devex nəşrinə açıqlamasında ABŞ-dən 330 milyon dollar vəsaitin itirilməsinin təşkilat üçün çox ağır olduğunu bildirib.
UNFPA qadınların sağlamlığının qorunması, analara tibbi yardım göstərilməsi və gənc qızların müdafiəsi istiqamətində fəaliyyət göstərir. Maliyyə çatışmazlığı bu proqramların həyata keçirilməsini çətinləşdirə bilər.
Keita vurğulayıb ki, maliyyə dəstəyi artıq mövcud olmasa belə, əvvəlki yardım nəticəsində xilas edilən həyatların dəyəri dəyişmir.












