"Əgər İslam adı ilə bizə təqdim etdiyiniz insanların üstünə yerimək, hədə-qorxu gəlmək, dövlətə öz iradənizi zorla qəbul etdirməkdirsə, mən bunu qəbul etmirəm. Din adından danışmaq sizə belə bir səlahiyyət verməyib".
QHT.az xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.
Əliməmməd Nuriyev geyim mübahisələrinin insan həyatını təhlükəyə atmasına qarşı çıxıb:
«Hicabı qanımızla müdafiə edəcəyik» şüarı ilə çıxanlara sözüm budur. Dediyiniz sözün məsuliyyətini anlayın. Heç bir geyim mübahisəsi insan həyatını və təhlükəsizliyini riskə atmağa haqq qazandıra bilməz.
Ə.Nuriyevin sözlərinə görə, məktəbdə zorakılığa yol verənlər qanun qarşısında cavab verməlidirlər:
Məktəbin qapısını təzyiqlə açdırmaq, müəllimi qorxutmaq, uşaqları qarşıdurmaya sövq etmək istəyənlər bilməlidirlər, buna güzəşt tələb edə bilməzsiniz. Şikayətiniz varsa, hüquqi qaydada irəli sürün. Zor tətbiq edən və zorakılığı təşkil edən hər kəs əməlinə görə qanun qarşısında cavab verməlidir. Təqsiri sübuta yetirilənlərə qanunun nəzərdə tutduğu sərt cəza tətbiq olunmalıdır.
O vurğulayıb ki, ölkədə sabitliyi pozmağa yönələn mümkün xarici müdaxilələr araşdırılmalıdır:
Xarici dövlətin göstərişini burada icra edən, dini hisslərdən istifadə edərək Azərbaycanı qarışdırmağa çalışan varsa, əlaqələri və təşkilatçıları araşdırılıb üzə çıxarılmalıdır. Xarici himayə heç kimi məsuliyyətdən qurtarmamalıdır!
Əliməmməd Nuriyev dinin təhdid vasitəsinə çevrilməsini qəbul etmədiyini bildirib:
Mən insanların inancına hörmət edirəm. Elə buna görə də dinin hədə-qorxu vasitəsinə çevrilməsinə susmayacağam.
O qeyd edib ki, uşaqların gələcəyi siyasi məqsədlərdən üstün tutulmalıdır:
Azərbaycanın məktəblərində uşaqlarımızın gələcəyi həll olunur. O gələcəyi heç kimin siyasi hesabına qurban verməyəcəyik!












