Dünən Azərbaycan Milli QHT Forumunda vətəndaş cəmiyyəti, alimlərimiz, ziyalılar bir daha dövlət-din münasibətlərinin mütərəqqi modelini, dünyəvi təhsil, milli-mənəvi irsimizi yad təsirlərdən qorumaq üçün həmrəy olduqlarını bir daha, qətiyyətlə bəyan ediblər.
AMQF-də “Dezinformasiyaya qarşı ictimai həmrəylik: QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi” mövzusunda geniş ictimai müzakirə keçirilib.
Tədbirdə Milli QHT Forumunun məktəblərdə geyim qaydaları ilə bağlı Bəyanatı səsləndirilib. Bəyanatda QHT-lər sərt şəkildə ölkəmizə dini dəyərlərin qorunması ilə pərdələnərək hücumlar həyata keçirən ölkələri, xüsusən İrandan bu cür təşəbbüslərin olmasını pisləyiblər. Azərbaycanın bütün dünyaya nümunə ola biləcək maarifçilik həraktının yaratdığı dəyər və irsin ölkəmizin müstəqil inkişafı üçün vacibliyi vurğulanıb. QHT-lər bur cür hallara qarşı ictimai müstəvidə ciddi mübarizə aparacaqlarını diqqətə çatdırıblar.
Dünənki müzakirələrdə alimlərimiz, QHT rəhbərləri xaricdən yönləndirilən yad ideoloji təsirlərə, dezinformasiya kampaniyalarına və manipulyasiyalara qarşı vətəndaş cəmiyyətinin qətiyyətli mövqe tutduğu vurğulanıb. Qeyd olunub ki, savadlı, dünyagörüşlü ana və təhsilli qadın güclü ailənin, sağlam cəmiyyətin və sarsılmaz dövlətçiliyin başlıca təminatçısıdır. QHT-lər dövlətin bu istiqamətdə siyasətini dəstəkləyir.
Müzakirələrdə məktəblərdə vahid geyim formasının tətbiqi və dünyəvi təhsil mühitinin qorunmasının şagirdlər arasında bərabərliyi və intizamı təmin etdiyi bildirilib. Eyni zamanda, informasiya məkanında yayılan feyk xəbərlərə qarşı QHT-media əməkdaşlığının gücləndirilməsi və cəmiyyətdə media savadlılığının artırılmasının vacibliyi qeyd olunub. Vətəndaş cəmiyyəti nümayəndələri milli-mənəvi irsimizi, dövlət-din münasibətlərinin mütərəqqi modelini yad təzyiqlərdən qorumaq üçün ictimai həmrəyliyin və ayıq-sayqlığın vacibliyini vurğulayıblar.












