Hörmətli həmvətənlər!

Bir neçə gündür ki, sosial şəbəkələrdə hicabla bağlı mübahisələri və bunun fonunda insanların bir-birini təhqir etmələrini müşahidə edirik. Bu gün isə Bakı ətrafındakı Nardaran və Binə qəsəbələrində, eyni zamanda, Qaradağ rayonu ərazisində yerləşən bir neçə məktəbə kimlərinsə sifarişi ilə hücum təşkil olunmuş, dərslərə mane olmağa cəhdlər edilmiş, zorakılıq halları və maddi zərərlə nəticələnən hadisələr baş vermişdir. Biz vətəndaş cəmiyyətinin nümayəndələri olaraq baş verənləri qətiyyətlə pisləyirik.

Müstəqilliyimizi elan etdikdən sonra Konstitusiyamızda ölkəmiz üçün dünyəvi dövlət modelini təsbit etmişik. Qeyd etmək lazımdır ki, Cümhuriyyətimiz elan olunanda da dünyəvi dövlət modeli seçilmişdi. Bu, o demək deyilmi ki, azərbaycanlılar ruhən dünyəviliyə meyillidirlər?

Bizim ziyalılarımız — M.F. Axundov, C. Məmmədquluzadə, M.Ə. Sabir, C. Cabbarlı, Ü. Hacıbəyov, Z. Tağıyev və başqaları dünyəvi dəyərləri təbliğ etmiş, qadınlarımızın təhsili üçün fədakarlıq etmişlər. Yüz ildən çoxdur ki, xalqımız bu yolla irəliləyir.

İndi Azərbaycanın müstəqil siyasəti və dünyəvi dövlət kimi idarə olunması kimlərisə qane etmir. Bu, müəyyən qrup insanları çaşdırır və qanuna zidd hərəkətlərə sövq edir. Axı bu insanlar xalqımızı niyə geriyə doğru sürükləyirlər? Dünya xalqları — çinlilər, amerikalılar, ingilislər, yaponlar — elmi-texniki tərəqqidə böyük nailiyyətlər əldə etdiyi və rəqəmsal texnologiyaların inkişaf etdiyi bir dövrdə biz niyə orta əsrlərə qayıdaraq hələ də belə məsələləri müzakirə etməyə vaxt sərf etməliyik? Bütün bunlar Azərbaycan xalqını inkişafdan geri atmağa xidmət etmirmi?

Azərbaycan xalqının təhsil səviyyəsini yüksəltmək, elmi-texniki tərəqqiyə nail olmaq və bununla da dünya xalqları səviyyəsinə çatmaq üçün çalışmaq lazımdır. Müasir mərhələdə sürətlə inkişaf edən beynəlxalq ictimaiyyətlə ayaqlaşa bilməsək, bir xalq kimi məhv olmaq təhlükəsi ilə üzləşə bilərik. Bunun üçün dini geyimlərdən və ya hicabdan deyil, kitablardan və müxtəlif informasiya mənbələrindən yapışmaq lazımdır.

Əlbəttə ki, xalqımıza məhz bu mütərəqqi yolda uğurlar diləyir və yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi olaraq, hicab ətrafında baş verənləri pisləyir, hər zaman dövlətin yanında olduğumuzu bildirir və dövlətçiliyin qorunması üçün əlimizdən gələni etməyə hazır olduğumuzu bəyan edirik.