"QHT rəhbəri və vətəndaş cəmiyyəti nümayəndəsi kimi hesab edirəm ki, erkən nikah təkcə ailə problemi deyil, həm də insan hüquqları, təhsil və cəmiyyətin gələcəyi məsələsidir".

QHT.az xəbər verir ki, bu fikirləri "Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi" nin rəhbəri Fatimə Hacıbəyli bildirib.

F.Hacıbəylinin sözlərinə görə, müxtəlif ölkələrdə erkən nikah statistikası düşündürücü mənzərə yaradır:

Statistikalar düşündürücüdür:

  • Əfqanıstanda qadınların təxminən 29%-i 18 yaşına çatmadan nikaha daxil olub.
  • İraqda bu göstərici təxminən 28%-dir.
  • İranda təxminən 17%-dir.
  • Türkiyədə isə 18 yaşdan əvvəl nikah göstəricisi 14,7% təşkil edib.

Bu rəqəmlər müxtəlif illərin araşdırmalarına əsaslanır. Ayrı-ayrı hallarda 9, 10 və 12 yaşlı qızların nikaha cəlb olunması uşaqların hüquqlarının nə qədər ciddi təhlükə altında olduğunu göstərir.

Fatimə Hacıbəyli bildirib ki, erkən nikah qız uşaqlarına ciddi zərər vurur:

Erkən nikah qız uşaqlarını təhsildən uzaqlaşdırır, sağlamlıqlarını riskə atır, psixoloji travmalara, iqtisadi asılılığa və sosial problemlərə yol açır. Uşağın yeri erkən nikahda deyil, məktəbdə, elmdə və arzularının arxasınca getməkdədir.

O vurğulayıb ki, Azərbaycanda nikah yaşının 18 müəyyən edilməsi və qanunvericiliyə edilən dəyişikliklər uşaqların müdafiəsi baxımından əhəmiyyətlidir:

Azərbaycan dünyəvi dövlətdir! Ölkəmizdə nikah yaşı 18-dir və 2025-ci il iyulun 1-dən qüvvəyə minən qanun dəyişiklikləri ilə nikah yaşının bir il azaldılması istisnası ləğv edilib. Bu, uşaqların müdafiəsi istiqamətində mühüm addımdır.

F.Hacıbəyli qeyd edib ki, dini inanclara hörmətlə yanaşılmalı, eyni zamanda uşaqların hüquqları və məktəb qaydaları qorunmalıdır:

Hicab məsələsinə gəldikdə isə hər kəsin dini inancına hörmət edilməlidir. Lakin dini inanc və ənənələr uşaqların hüquqlarından üstün tutula bilməz. Məktəblərdə geyimlə bağlı müəyyən edilmiş qaydalara da qanun çərçivəsində riayət olunmalıdır.

Fatimə Hacıbəyli bildirib ki, vətəndaş cəmiyyətinin əsas məqsədlərindən biri qız uşaqlarının erkən nikahdan qorunması və təhsilə təşviq edilməsidir:

Biz vətəndaş cəmiyyəti nümayəndələri olaraq qızlarımızın 9, 10, 12 yaşında ailə qurmağa deyil, təhsil almağa, inkişaf etməyə və gələcək qurmağa təşviq edildiyi bir Azərbaycanda yaşamaq istəyirik. Biz erkən nikahın normallaşdırıldığı cəmiyyətə doğru getmək istəmirik!

O əlavə edib ki, dini inanc şəxsi seçim olsa da, uşaqların hüquqlarının qorunması cəmiyyətin ümumi məsuliyyətidir.