Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan "44" bədii filmi ictimaiyyətə təqdim olunub.

Filmin təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Dəvət olunanlar arasında şəhid anaları xüsusi yer alıb.

Təqdimatdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında "44" filminin saundtrekini dinləyiblər. Musiqinin yaratdığı təsirli ovqat ekranda Azərbaycan xalqının Zəfərə aparan yolunu əks etdirən sənədli xronika ilə müşayiət olunub. Xronikada Azərbaycanın ərazi bütövlüyü uğurundakı mübarizə dövrü, Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın azad olunmasına yönəlik siyasəti, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsinə dair videomateriallar təqdim edilib.

"44" bədii filmində müharibənin qəhrəmanlarının Vətən sevgisi, şücaəti, humanistliyi, qüruru nümayiş etdirilməklə yanaşı eyni zamanda bütün acıları, ağrıları real kadrlarda tamaşaçıya təqdim olunub.

Filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusən filmin bədii rəhbəri ssenaristi Anar Ələkbərova dərin minnətdarlığımızı bildiririk.