ABŞ Dövlət Departamenti 1985-ci ildən dünyada aclıq təhlükəsini izləyən və ərzaq böhranlarını əvvəlcədən müəyyənləşdirməyə kömək edən Famine Early Warning Systems Network (FEWS NET) sisteminə maliyyə dəstəyini dayandırmağı nəzərdən keçirir. Bu barədə dörd demokrat konqresmenin dövlət katibi Marko Rubiyoya göndərdiyi məktubda bildirilib.

QHT.az xarici mediaya istinadən bildirir ki, FEWS NET humanitar təşkilatlara və donor qurumlara yaranmaqda olan ərzaq böhranlarına əvvəlcədən hazırlaşmağa və ehtiyac olan bölgələrə vaxtında yardım göndərməyə imkan verir. Sistem hazırda 2026-cı ilin sonuna qədər fəaliyyət göstərə biləcək maliyyəyə malikdir, lakin əlavə vəsait ayrılmasa, əməkdaşların ixtisarına sentyabrın 30-dan başlanması gözlənilir.

Konqresmenlər məktubda bildiriblər ki, 40 ildir fəaliyyət göstərən FEWS NET ərzaq böhranlarının daha da ağırlaşmasının qarşısını almağa, insanların həyatını xilas etməyə və təcili yardım xərclərini azaltmağa kömək edir.

Bu müzakirələr dünyada aclıq təhlükəsinin artdığı bir dövrə təsadüf edir. Məlumata görə, gözlənilən “Super El Nino” hava hadisəsi on milyonlarla insanın kəskin aclıqla üzləşməsi riskini artıra bilər.