ABŞ administrasiyasının miqrantları mənşə ölkələri əvəzinə üçüncü ölkələrə deportasiya etməsi beynəlxalq insan hüquqları təşkilatlarının diqqətindədir.

QHT.az xarici mediaya istinadən bildirir ki, BMT-nin insan hüquqları üzrə 24 müstəqil eksperti ABŞ hökumətini bu siyasəti dayandırmağa çağırıb. Ekspertlərin məlumatına görə, indiyədək ən azı 23 min miqrant 29 ölkə və əraziyə göndərilib. Onların arasında daha əvvəl ABŞ məhkəmələri tərəfindən müdafiə qərarı almış şəxslərin də olduğu bildirilir.

Hüquq müdafiəçiləri xüsusilə uşaqlar, qadınlar, əlilliyi olan şəxslər, insan alveri qurbanları, LGBT şəxslər, vətəndaşlığı olmayan insanlar və hüquq müdafiəçilərinin risk altında olduğunu vurğulayırlar. BMT ekspertləri üçüncü ölkələrə göndərilmənin işgəncə, təqib və digər insan hüquqları pozuntuları riskini artıra biləcəyini bildiriblər.

ABŞ administrasiyası isə üçüncü ölkələrlə bağlı deportasiya razılaşmalarının qanuni olduğunu və deportasiyaların ABŞ immiqrasiya qanunvericiliyinə uyğun həyata keçirildiyini bildirir.