Qlobal araşdırma ekran qarşısında uzun müddət vaxt keçirilməsinin uşaqların inkişafına mənfi təsir göstərə biləcəyini ortaya qoyub.
QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqatçılar 64 ölkədə 2,8 milyondan çox uşağın məlumatlarını təhlil ediblər. Nəticələr yüksək ekran istifadəsinin akademik göstəricilərin aşağı düşməsi, dil və öyrənmə bacarıqlarının zəifləməsi, eləcə də sosial-emosional problemlərlə əlaqəli ola biləcəyini göstərib.
Araşdırmada uşaqların inkişafına təsir edən digər amillər də nəzərə alınıb. Ailənin sosial-iqtisadi vəziyyəti, valideynlərin davranışları və uşağın vaxtından əvvəl doğulması kimi faktorların da inkişaf göstəricilərinə əhəmiyyətli təsir etdiyi bildirilib.
Tədqiqat smartfon, televizor və digər rəqəmsal cihazlarla yanaşı, sosial media, video oyunlar və videozənglərə sərf olunan vaxtı da əhatə edib.
JAMA Pediatrics jurnalında dərc olunan əvvəlki genişmiqyaslı araşdırmaların nəticələri də daha çox ekran vaxtının uşaqlarda sosial-emosional və psixi sağlamlıq problemləri ilə əlaqəli ola biləcəyini göstərib.
Bununla belə, tədqiqatçılar ekran istifadəsinin bütün hallarda problemlərin birbaşa səbəbi olduğunu iddia etmirlər. Mütəxəssislər ekran vaxtının uşağın yaşından, istifadə məqsədindən, məzmunun növündən və ailə mühitindən asılı olaraq fərqli təsirlər göstərə biləcəyini vurğulayırlar.












