Yeni araşdırmaya görə, tənhalıq və sosial izolyasiya insanların xəstəliklərdən uzaq keçirə biləcəyi sağlam ömür müddətini əhəmiyyətli dərəcədə azalda bilər. Bəzi iştirakçılarda bu fərqin təxminən 6 ilə çatdığı müəyyən edilib.

QHT.az xarici mediaya istinadən bildirir ki, Tulane Universitetinin alimlərinin apardığı müşahidə xarakterli araşdırma Nature Communications jurnalında dərc olunub. Tədqiqatçılar tənhalıq və sosial izolyasiyanın həm fiziki, həm də psixi sağlamlıqla əlaqəsini araşdırıblar.

Nəticələrə görə, ən böyük fərq psixi sağlamlıq göstəricilərində müşahidə olunub. Araşdırmanın rəhbəri professor Lu Qi sosial izolyasiya və tənhalığın xəstəliksiz yaşam müddətinə əhəmiyyətli təsir göstərə biləcəyini bildirib.

Araşdırmada tənhalıqla sosial izolyasiyanın eyni anlayış olmadığı da vurğulanıb. Sosial izolyasiya insanın sosial əlaqələrinin sayını və tezliyini ifadə etdiyi halda, tənhalıq daha çox şəxsin mövcud münasibətlərindən nə dərəcədə məmnun olması ilə bağlıdır. Buna görə insanın ətrafında çoxlu insanlar olsa belə, özünü tənha hiss etməsi mümkündür.

Alimlər zəif sosial əlaqələrin sağlamlığa təsirini stress, yuxu problemləri və sağlamlıqla bağlı davranış dəyişiklikləri ilə əlaqələndirirlər. Bununla belə, tədqiqat müşahidə xarakterli olduğundan tənhalığın konkret xəstəliklərə birbaşa səbəb olduğunu sübut etmir.

Tədqiqatçılar əvvəlki araşdırmaların da sosial izolyasiya və tənhalığı, xüsusilə erkən ölüm riski ilə əlaqələndirdiyini qeyd edirlər.