“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az- a açıqlamasında atmosferdə karbon qazının (CO₂) artması ilə bağlı mövcud vəziyyəti dəyərləndirib.
Onun sözlərinə görə, CO₂ səviyyəsinin kəskin yüksəlməsi ilk növbədə qalıq yanacaqların həddindən artıq istifadəsi, sənaye fəaliyyətinin artması və meşələrin qırılması ilə əlaqədardır. İradə Həsənova bildirib ki, bu proseslər qlobal istiləşmə və iqlim dəyişikliyinə səbəb olur, nəticədə dəniz səviyyəsinin qalxması, ekstremal hava hadisələrinin çoxalması və ekosistemlərin pozulması kimi ciddi problemlər yaranır:
“Karbon qazı elektrik enerjisi istehsalı, nəqliyyat və sənaye proseslərində kömür, neft və təbii qaz kimi qalıq yanacaqların yandırılması nəticəsində yaranır. Həmçinin, meşə yanğınları və vulkan püskürmələri kimi təbii proseslər də bu qazın atmosferdə artmasına təsir göstərir. Ağaclar karbon qazını udmaqla təbii balansın qorunmasında mühüm rol oynayır. Lakin meşələrin yanması və ağacların kütləvi şəkildə kəsilməsi nəticəsində atmosferdə CO₂ konsentrasiyası yüksəlir. 1880-ci ildən bəri atmosferdəki karbon qazının miqdarı 43 faiz artaraq rekord həddə çatıb. Bu artımın əsas səbəbi insan fəaliyyətidir.”
İctimai Birliyin sədri vurğulayıb ki, hazırda da karbon qazının həcmi artmaqda davam edir və bu, bəşəriyyət üçün ciddi xəbərdarlıqdır. O, ekoloji fəlakətlərin qarşısını almaq üçün qlobal səviyyədə addımlar atmağın vacibliyini bildirib:
“Biz bütün bəşəriyyət kimi ehtiyat tədbirləri görməli, karbon emissiyalarını azaltmalı, həddindən artıq istehlak və istehsalı, resursların israfını məhdudlaşdırmalı, bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməliyik. Bu yolla atmosferdəki karbon qazının artmasının qarşısını almaq mümkündür.”
Pərvanə Fərhadqızı












