“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında iqlim dəyişikliyinin əsas səbəblərindən biri olan istixana qazlarının artmasına diqqət çəkib.
Onun sözlərinə görə, istixana effekti yaradan əsas qaz — karbon qazıdır və insan fəaliyyəti nəticəsində atmosferdə bu qazın miqdarı sürətlə artır:
“Yer və atmosfer qapalı mühitlərdir. İnsan fəaliyyəti baş vermədikcə karbonun miqdarı sabit qalır. Lakin mədən yanacaqlarının çıxarılması və yandırılması nəticəsində atmosferdə karbon qazının səviyyəsi yüksəlir. Bu isə təkcə Yer səthinin temperaturunun artmasına deyil, həm də okean suyunun keyfiyyətinin azalmasına gətirib çıxarır. Karbon qazının su ilə reaksiyası nəticəsində əmələ gələn karbon turşusu okeanların turşulaşmasına səbəb olur, bu isə dəniz canlıları və bitki aləmi üçün ciddi təhlükə yaradır. Okeanlarda fauna və floranın məhv olması biomüxtəlifliyin azalmasına, ekosistemlərin zəifləməsinə və təbii ehtiyatların tükənməsinə gətirib çıxarır. Bu, dünyanı gələcək nəsillərin yaşayışı üçün yararsız hala sala bilər.”
İctimai birlik sədri vurğulayıb ki, karbon izinin azaldılması hər bir fərdin və cəmiyyətin məsuliyyətidir:
“Resurslardan səmərəli istifadə etməli, mədən yanacaqlarından istifadəmizi azaltmalı, bərpa olunan enerji mənbələrinə üstünlük verməliyik. Ehtiyacımız olmayan məhsulları almaqdan çəkinməli və həm ekoloji, həm də iqtisadi baxımdan qənaətcil davranmalıyıq. Gələcək riskləri daha dəqiq qiymətləndirmək üçün süni intellekt imkanlarından da istifadə edilməlidir. Bu istiqamətdə atılacaq hər bir addım iqlim dəyişikliyinin qarşısının alınmasına və gələcək nəsillərə sağlam mühitin ötürülməsinə töhfə verəcək".
Pərvanə Fərhadqızı












