QHT.az xəbər verir ki, İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova UNESCO-ya müraciət edib.
Azərbaycanın zəngin mətbəx mədəniyyəti dünya miqyasında tanınır və rəğbətlə qarşılanır. Bu mədəni irsin bir parçası olan paxlava, sadəcə bir şirniyyat deyil, eyni zamanda xalqımızın ənənəvi dəyərlərini, tarixini və mədəniyyətini təcəssüm etdirir. İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına Azərbaycan paxlavasının daxil edilməsi ilə bağlı müraciət edib.
Fəridə Mirişova qeyd edir ki, Azərbaycan paxlavası digər ölkələrdə hazırlanan oxşar şirniyyatlardan həm hazırlanma texnikası, həm də görkəmi ilə fərqlənir. Azərbaycanın müxtəlif bölgələrində paxlavanın fərqli növləri mövcuddur: Bakı paxlavası, Şəki paxlavası, Quba paxlavası, Ordubad paxlavası və digərləri. Bakı paxlavası isə ən qədim və klassik növ hesab edilir.
Mirişova əlavə edir ki, paxlava yalnız mətbəximizin incisi deyil, eyni zamanda xalqımızın ənənələrinin bir hissəsidir. Novruz bayramında paxlava bayram süfrələrinin ayrılmaz atributudur və doğmalarla sevinc paylaşmaq üçün hədiyyə edilir. Eyni zamanda toy, nişan və digər mərasimlərdə də xüsusi "xonça" adlanan şirniyyat dəstləri ilə birlikdə təqdim olunur.
Azərbaycan paxlavasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün təqdim olunan bu təşəbbüs, mədəni irsimizin qorunması və dünya miqyasında tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi bu təşəbbüsü dəstəkləyərək müsbət qərar gözləyir.
Müraciət UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə ünvanlanıb.












