Artıq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik, orta və böyük qrant müsabiqələrinin qalibləri olan İctimai Birliklər həyata keçirdikləri layihələrin hesabat mərhələsindədirlər. Bu il də vətəndaş cəmiyyəti üzvləri üçün gərgin və məhsuldar bir il oldu. Müsabiqə zamanı qalib olan layihələrin mövzularına nəzər yetirsək görmək olur ki, qht-lərimiz artıq hansısa şablon mövzunu deyil, cəmiyyətin tələbinə uyğun mövzuları seçir, öz fəaliyyət planlarına daha çox ehtiyac duyulan tədbirləri daxil etməkdən çəkinmirlər. Bu günün qht-si artıq dünənin qht-si deyildir. QHT-lər kifayət qədər təcrübəli, kifayət qədər çevik və kifayət qədər güvənli olduqlarını sübut edə bilmişlər.
QHT-lər artıq beynəlxalq arenaya çıxa bilir, bir çox layihələr dünyanın tanınmış qht-ləri ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Ölkədaxili qht əməkdaşlığı da kifayət qədər inkişaf etmişdir. Bütün bunlar təbii ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qht-lərə göstərdiyi dəstək sayəsində mümkün olmuşdur. Agentlik qht-lərlə sıx əlaqə saxlayır, onları təlimatlandırır, qht-lər üçün müxtəlif infosessiyalar təşkil edir. Bu əlaqələr imkan verir ki, hər bir qht özünü bu təşkilatın daxilində sərbəst, bərabər hüquqlu hiss etsin. Bu əməkdaşlığın nəticəsində artıq fəaliyyətlərin tam şəffaflığı təmin edilir, bütün tədbirlər saytlarda işıqlandırılır, tədbir haqqında agentliyə ətraflı məlumat verilir. Hər hansı bir qht-nin tədbirlərinin gedişatına nəzər saldıqda benefisiarların tədbirlərdə fəal iştirak etdiklərini, aktivliyin yüksək olduğunu, görmək mümkün olur. Artıq qht-lər ekspertlərin professional səviyyədə olmasına da ciddi fikir verirlər. Nəzərə alınır ki, ekspertlər mövzunu hüquqi, siyasi və ictimai aspektdən bacarıqla əlaqələndirə bilsin və auditoriya ilə işləmə qabiliyyəti yüksək olsun .
Sədri olduğum “Yeni Fikir ” Jurnalist Həmrəyliyi İctimai Birliyi 01 iyun 2025-ci ildən 31 avqust 2025-ci ilə kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Hibrid təhdidlərə qarşı yerli mediada iş” layihəsini həyata keçirdi. Fəaliyyətlərimiz Qax, Balakən və Zaqatala rayonlarında nəzərdə tutulmuşdu. Təbii ki, belə bir mövzunu beş-on il əvvəl təqdim edə bilməzdik. Bu, günümüzün ən aktual mövzusudur. Tədbirlərimizdə 160-dan yuxarı iştirakçı iştirak etdi, onlara Hibrid təhdidlərin strategiyası, ictimai rəyi çaşdırmaq üçün mediada və sosial şəbəkələrdə müxtəlif vasitələrə əl atanların çirkin məqsədləri izah edildi. İştirakçıların vətənpərvəlik hisslərini artırmaq, milli-mənəvi və ailə dəyərlərimizlə uzlaşmayan yad dəyərlərin cəmiyyətimizə yol açmaması üçün onları ayıq-sayıq olmağa təşviq etmək tədbilərdə qarşıya qoyulan əsas məqsəd olmuşdur. Hər tədbir haqqında ictimaiyyətə ətraflı məlumat verildi. QHT.AZ saytına bunun üçün minnətdarıq. Bu saytla əlaqəmiz imkan verir ki, bu sektorda baş verən bütün proseslərlə yaxından tanış olaq. Bu günün mənzərəsi belədir ki, qht.az qht-lər üçün bir tribunadır. Öz fəaliyyətlərini, düşüncələrini, fikir və təkliflərini bölüşmək üçün azad bir media subyektidir.
Artıq Agentlik yeni il, 2026-cı il üçün kiçik, orta və böyük qrant müsabiqələrini elan edib. QHT-lər geniş seçim imkanına malikdirlər. Hər bir QHT layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Təbii ki, bu dəfə də Qərbi Azərbaycana qayıdış, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, mina və itkinlər problemi, İdeoloji təhlükəsizlik, İqlim dəyişmələrinin fəsadları, şəhid ailələri və müharibə iştirakçıları ilə iş mövzularına daha çox üstünlük veriləcək, milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər dəstəklənəcəkdir.
Hər hansı bir layihənin həyata keçirilməsi ictimaiyyətin böyük bir qrupu ilə üzbəsurət iş deməkdir. Bir mövsümdə 500-dən yuxarı qht üçün bu işə start verilirsə demək ki, cəmiyyət həyatında durğunluğa son qoyulur, dövlətin yeritdiyi siyasətə dəstək verilir, əhalini maarifləndirir. İnamla demək olar ki, QHT-lər üzərlərinə götürdükləri bu missiyanı yeni fəaliyyət ilində də uğurla həyata keçirəcəklər .
Elmira Mehdiyeva
“Yeni Fikir ” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri,
Əməkdar Mədəniyyət İşçisi












