Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının həyata keçirdiyi “Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları qrant layihələri icra edirlər.

QHT.az xəbər verir ki, Gender Hub Azərbaycan və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı İctimai Birliyinin birgə tərəfdaşlığı ilə baş tutan “İnsan hüquqları təhsili: Gənc fəallar və hüquqşünaslar gender bərabərliyi naminə" qrant layihəsi çərçivəsində təlimlər və mentorluq fəaliyyətlərinin nəticəsi olaraq, 25 gənc fəal Bakı şəhəri və regionlarda gender bərabərliyi və qadın hüquqları mövzusunda doqquz kiçik layihə həyata keçirib.

Layihələr gender bərabərliyi mövzusunda məlumatlılığın artırılması, məişət və gender əsaslı zorakılıq mövzusunda araşdırmalar və hesabatların hazırlanması ilə bağlı olub. 200-dən çox şəxs layihələrdə iştirak edərək onlardan bəhrələnib. Layihənin son mərhələsində fəaliyyətləri ərzində fərqlənmiş 10-dan çox gənc fəalın Cenevrə şəhərinə təlim səfəri təşkil ediləcək.

Qeyd edək ki, səfərin məqsədi BMT-nin qadın hüquqları sahəsində fəaliyyət göstərən mexanizmlərinin işi ilə yerində tanış olmaq, fəalların qadın hüquqları və gender bərabərliyi sahəsində gələcək mentorlar kimi bilik və bacarıqlarını artırmaqdır.

 

Pərvanə Fərhadqızı