Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Yunis Əsgər oğlu Əliyev 1958-ci il oktyabrın 9-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub.

QHT.az xəbər verir ki, 1976-cı ildə ordu sıralarına çağırılıb və hərbi xidmətini Tacikistanda başa vurub. Ermənilərin Azərbaycan torpaqlarına hücumları başladıqdan sonra Yunis Əliyev 1992-ci ildə Goranboy rayonunda yaradılmış ikinci batalyona qatılıb və Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməyə başlayıb. O, 1992-ci ilin 5 may tarixində ermənilərin Talış kəndindəki mövqelərini susdurmaq üçün təşkil olunmuş "Yaltaxıl" əməliyyatı zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Əliyev Yunis Əsgər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!