Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, son dövrlərdə ABŞ və Fransanın regiona dair həyata keçirdikləri siyasəti kəskin tənqid edib. O, bu addımların məqsədinin Azərbaycanın beynəlxalq arenada mövqeyini zəiflətmək olduğunu bildirib.
QHT.az xəbər verir ki, Ramil İskəndərlinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbədən sonra Cənubi Qafqaz regionunda qüvvələr nisbəti ciddi şəkildə dəyişib. Bu dəyişiklik, xüsusilə, ABŞ və Fransanın narahatlığına səbəb olub, çünki bu dövlətlər regionda öz nüfuzlarını genişləndirmək məqsədi güdürlər.
"ABŞ və Fransa, regionda Rusiya, İran, Türkiyə, Çin və Qərb maraqlarının kəsişdiyi bir məqamda mövqelərini gücləndirmək üçün təxribatçı addımlar atırlar. Bu strateji əhəmiyyətli regionda nüfuz sahibi olmaq uğrunda apardıqları mübarizənin bir parçası olaraq, Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar," - deyə İskəndərli qeyd edib.
O, həmçinin vurğulayıb ki, Azərbaycan bu təxribatlara qarşı möhkəm və prinsipial mövqe nümayiş etdirərək, regiondakı sabitliyə və inkişafına yönəlik öz siyasətini davam etdirəcək.
Pərvanə Fərhadqızı












