Ermənistan mətbuatından verilən məlumata görə, Fransadan Azərbaycanın iqtisadi zonası olan Qarabağda yaşayan erməni əsilli sakinlərə humanitar yardım aparan 10 yük maşınından ibarət karvan Yerevandan Laçın rayonu istiqamətində hərəkətə başlayıb.
“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə mövzu ilə bağlı QHT.az-a bildirib ki, Fransanın "humanitar yardıma" qoşulması ikrah doğurur: “Ermənilər hələ də uzaq qohumdan yaxın qonşu üstündür fəlsəfəsini öyrənə bilmədilər. Başqa ölkənin daxili işlərinə qarışmaq demokratiyanın prinsiplərinə ziddir. Bəlkə də süni surətdə hazırlanan yeni bir qarşıdurma planı işləməyə başlayıb. 1 ayda ərzaqlar Laçın koridorunda xarab olmadısa demək tərkib başqadır. Bu xəmirin isə çox su aparmasına imkan vermək olmaz. İnamıram ki, dünya siyasətçiləri bunu anlayacaq qədər dərrakəlidirlər. Ölkə başçısı İlham Əliyevin bu hadisə ilə bağlı ağıllı və tədbirli addımları alqışlanandır”.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan öz sakinləri olan Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli insanlara hümanitar yardım edib. Lakin erməni mətbuatı bu yardımın qəbul olunmayacağını yazıblar.

Pərvanə Fərhadqızı












