“Humanitar missiyanın arxasında siyasət durursa bu artıq humanitarlıqdan çıxır və olur siyasət. Fransanın məqsədi doğrudan da Qarabağdakı "ac" erməni əhalisinə yardım idisə, o zaman TİR-lərin üzərinə Azərbaycan dövlətinin ərazi bütövlüyü əleyhinə yazılar verilməli deyildi. İkincisi Fransa hakmiyyəti humanitar yük adlandırdıqları yükləri Azərbaycan ərazisinə keçirmək üçün əvvəlcədən razılaşmalar aparmalı, sənəd rəsmiləşdirmələri, viza, beynəlxalq yükdaşımalara dair sənədlər və s. etməli idi”.

QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. QHT sədri qeyd edib ki, üçüncüsü yüklərin Azərbaycanın müvafiq qurumlarının müəyyən etdiyi yollarla daşınmasına razılaşmalı idi: “Fransanın məqsədi isə tam başqadır. Elə ediblər ki, özünə hörmət edən dövlət bu yükləri öz suveren ərazisinə buraxmasın. Onların bu "humanitar" provokasiyalarına ən yaxşı cavab isə bizim Xankəndiyə ərzaq yardımı göndərməyimiz oldu. "Türk çörəyi" yemərik deyənlər lazım olanda türk çörəyini gözlərinə də təpirlər. Diversiya edib cinayət törədərək cəzaya məhkum edilən ermənilər, müharibə vaxtı əsir düşən ermənilər bizim çörəyi yemirdi? Sizlər də yeyəcəksiz”.

 

Pərvanə Fərhadqızı