Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Ulu Öndər Heydər Əliyev Azərbaycanda müasir gənclər siyasətinin banisi” adlı tədbir keçirilib.
QHT. az E-huquq.az-a istinadən xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə həsr edilmiş Hüquq fakültəsi tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycan gənclərinin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan ətraflı bəhs edib, Ümummilli liderin gənclərimizlə bağlı çağdaş siyasətini uğurla və əmin addımlarla davam etdirən Azərbaycan Repsublikasının Prezidenti İlham Əliyevin gəncliyin inkişafına yönəlmiş siyasəti, eləcə də bu sahədə Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun verdiyi töhfələrlə bağlı ətraflı məlumat verib. Fakültə tələbələrinin uğurlarından qürur hissi ilə bəhs edən Zaur Əliyev onlara uğurlar arzu edib və hər zaman dövlət tərəfindən dəstək göstərildiyini bildirib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin Gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov və Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək Ulu Öndərin gənclərin təhsili və inkişafında, gənc kadrların yetişdirilməsində əvəzolunmaz rolu və fəaliyyəti barədə ətraflı danışıblar.
Daha sonra Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri, III kurs tələbəsi Nihad Rəhimli və Hüquq fakültəsinin I kurs tələbəsi, Prezident təqaüdçüsü Həmidə Sadıqova Ulu Öndərin müasir gənclər siyasətinin banisi kimi fəaliyyəti haqqında çıxış ediblər.
Tədbirin maraqlı cəhəti tələbələr üçün qonaqlara sualların verilməsi məqsədilə şərait yaradılmasında ifadə olunub. Belə ki, Həmid Nəsibov və Fərid Cəfərov tələbələri maraqlandıran sualları cavablandırıblar, həm də tələbələr öz aktiv fəaliyyətləri barədə məlumatları qonaqlarla paylaşıblar.
Tədbirin sonunda dekan Zaur Əliyev Heydər Əliyev İli çərçivəsində Hüquq fakültəsində silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb, qonaqlara və iştirakçılara tədbirdə iştiraklarına görə təşəkkürünü bildirib.












