Rəsmi sosial media hesabında yayımlanan videoda Böyük Britaniyanın baş naziri Rişi Sunakın avtomobilin sərnişin oturacağında hərəkətdə olarkən təhlükəsizlik kəməri taxmadığı görülüb və bu, mübahisələrə səbəb olub.
QHT.az xəbər verir ki, İngiltərənin şimalındakı Lancashire bölgəsində çəkildiyi anlaşılan görüntülərdə baş nazirin avtomobilini polis qrupları müşayiət edir.

Lancashire polisi mübahisəli görüntülərlə bağlı istintaq apardıqlarını açıqladı.

Böyük Britaniyada hər bir şəxs təhlükəsizlik kəməri taxmadığı üçün 500 funt-sterlinqə qədər cərimə oluna bilər.

Baş nazir Sunak sosial mediadakı video ilə bağlı yaranan vəziyyətə görə üzr istəyib və bunun yaxşı davranış olmadığını bildirib.