Həftə sonu Çexiyada keçirilən prezident seçkilərində qalib gələn Petr Pavelin Çinlə suverenlik münaqişəsində olan Tayvan lideri Tsay İnq-Venlə telefon danışığı iki ölkə arasında gərginliyə səbəb olub.

QHT.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi martın 9-da Çexiyada rəsmi fəaliyyətə başlayacaq yeni prezident Pavelin Tayvan lideri Tsay İnq-Ven ilə görüşünə reaksiya verib.

Çin tərəfi sözügedən telefon danışığı ilə Pavelin Çinin daxili işlərinə qarışdığını iddia edərkən, Çexiyanın Baş naziri Petr Fiala bu iddialara reaksiya verib və deyib:

“Suveren ölkə kimi Çexiya kimə zəng edib görüşəcəyinə özü qərar verəcək.

Fiala Çinin mühüm ticarət tərəfdaşı olduğunu, eyni zamanda Tayvanla bir çox sahədə yaxşı əlaqələrin olduğunu bildirib.

Yanvarın 27-28-də Çexiyada keçirilən prezident seçkilərində qalib gələn Pavel əvvəlcə Ukrayna prezidenti Vladimir Zelenski və Tayvan lideri Tsay İnq-Venlə telefon danışığı aparıb.

Pavel görüşdə iki ölkənin ortaq dəyərləri, demokratiya, azadlıq və insan haqları kimi məsələlərin müzakirə edildiyini, yaxın gələcəkdə üzbəüz görüşə, eləcə də əməkdaşlığın gücləndirilməsinə ümid etdiklərini bildirib.

Tayvanla yaxşı münasibətləri olan Çexiya ilə 2020-ci ildə gərginlik yaşayan Çin tərəfi bu ölkə ilə birgə mədəniyyət proqramlarını ləğv edib.