Ali Radanın deputatı, maliyyə, vergi və gömrük siyasəti komitəsinin sədri Daniil Getmantsev bildirib ki, Kiyev hakimiyyəti Beynəlxalq Valyuta Fondu (BVF) ilə Ukraynaya 15-20 milyard dollar məbləğində yeni yardım proqramını müzakirə edir.

QHT.az xəbər verir ki, o, bu barədə Ümumkrayna telemarafonunun efirində məlumat verib.

“Biz BVF ilə işləyirik, BVF ilə yeni proqramı müzakirə edirik. Bu, kifayət qədər böyük proqram ola bilər: 15-20 milyard [dollar], bir neçə il üçün nəzərdə tutulmuşdur.

Monitorinq missiyası öz işini başa çatdıracaq, o, üç ay müddətinə təyin edilib və bundan sonra biz BVF ilə proqramın hazırlanmasına və müzakirəsinə keçəcəyik”, - Getmantsev bildirib.

Bundan əvvəl Ukrayna Milli Bankı 2023-cü ildə Qərbin Kiyevə ayırdığı maliyyələşdirmənin həcminin 38 milyard dolları keçəcəyini bildirmişdi.

Bu cür qiymətləndirmə artıq elan edilmiş beynəlxalq yardım həcmləri və BVF ilə danışıqlarda irəliləyiş nəzərə alınmaqla aparılıb.

Bundan əvvəl məlum olub ki, Beynəlxalq Valyuta Fondu Ukraynaya 16 milyard dollara qədər çoxillik maliyyə yardımı paketi təqdim etmək imkanlarını araşdırır.

Yanvarın 26-da Ukraynanın Baş naziri Denis Şmıxal bəyan edib ki, ölkə 2023-cü ildə dövlət büdcəsinin kəsirini ödəmək üçün BVF-dən təxminən 8 milyard dollar alacağını gözləyir.