"Dabaq xəstəliyi cütdırnaqlı heyvanlarda rast gəlinən, yüksək yoluxuculuq qabiliyyətinə malik virus mənşəli infeksiyadır. Xəstəlik ağız boşluğunda, dırnaq və yelin nahiyəsində yaranan ağrılı yaralarla özünü büruzə verir. Bu virusun 7 əsas serotipi və onlarla alt tipi mövcuddur ki, bu da peyvəndləmə və müalicə tədbirlərini çətinləşdirir. Yoluxma əsasən yoluxmuş heyvanla birbaşa təmas, hava-damcı yolu, çirklənmiş yem, su, alətlər və heyvanların ticarəti vasitəsilə baş verir. Virus mühitdə çox davamlıdır, torpaq, su, alət və geyim üzərində həftələrlə aktiv qala bilir, soyuq və rütubətli şəraitdə yaşama müddəti artır. İnsanların ayaqqabıları, geyimləri və nəqliyyat vasitələri virusun yayılmasında mühüm rol oynayır."
QHT.az xəbər verir ki bu sözləri “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctimai Birliyinin mütəxəssisi Ağaməhəmməd Alosmanov bildirib. Onun sözlərinə görə, ən nəzərə çarpan simptomlardan biri bol miqdarda tüpürcək ifrazıdır. Bu, ağızda yaranan yaraların partlaması nəticəsində selikli qişanın zədələnməsi və ağrı səbəbindən reflektor şəkildə artır:
"Heyvanlar yemək və udqunma çətinliyi yaşadığı üçün tüpürcək ağızdan axır və tez-tez ağız künclərində köpüklənmə müşahidə olunur. Bu simptom axsaqlıq və yeməkdən imtina ilə birlikdə xəstəliyin mühüm diaqnostik göstəricilərindən sayılır. Xəstəliyin əlamətləri arasında bədən temperaturunun yüksəlməsi, ağızda, dildə və dırnaqlarda yaralarlar, dırnaq nahiyəsində çatlar, halsızlıq, iştahsızlıq, süd məhsuldarlığında azalma və gənc heyvanlarda ölüm halları yer alır".
Ağaməhəmməd Alosmanov həmçinin qeyd edib ki, dabaq xəstəliyi zoonoz xəstəliklər sırasına daxil olsa da, insanlara yoluxma halları nadirdir. Yoluxma əsasən yoluxmuş heyvanla fiziki təmas, çirklənmiş süd və ət məhsullarının istehlakı və laborator mühitdə virusla işləyən şəxslər arasında baş verə bilər:
"İnsanlarda xəstəlik yüngül klinik əlamətlərlə keçir və ciddi fəsadlar nadir hallarda müşahidə olunur. Xəstəliyə qarşı mübarizə tədbirləri profilaktik peyvəndləmə, xəstə heyvanların təcridi və zəruri hallarda məhv edilməsi, dezinfeksiya tədbirləri, heyvanların hərəkətinə və ticarətinə nəzarətin gücləndirilməsi və fermalarda biotəhlükəsizlik qaydalarının ciddi şəkildə tətbiqindən ibarətdir. Dabaq xəstəliyi dünyanın bir çox ölkəsində ya endemik, ya da epizootik şəkildə yayılır. Xüsusilə Asiya (Hindistan, Pakistan, Çin, İran, Nepal), Afrika (Nigeriya, Efiopiya, Sudan), Cənubi Amerika (Braziliya, Argentina, Kolumbiya), Yaxın Şərq və Orta Asiya ölkələrində mütəmadi olaraq epizootik hallar qeydə alınır. Beynəlxalq qiymətləndirmələrə görə, xəstəlik hər il 200 milyon ABŞ dollarından çox iqtisadi zərərə səbəb olur. Bu zərər süd və ət məhsuldarlığının azalması, heyvanların məhv edilməsi və kompensasiya ödənişləri, ticarət məhdudiyyətləri və ixrac itkiləri, profilaktik peyvənd və dezinfeksiya xərcləri ilə bağlıdır".












