Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsinə start verib. Bu haqda ictimai birliyin rəhbəri Əli Cəfərov məlumat verdi.
O , jurnalistlərə bildirib ki, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibi olub. Layihə rəhbəri onu da bildirdi ki, əsasən yeniyetmə gənclərin maariflənməsini hədəfləyən layihənin icrası üç ay müddətində Bakı şəhərində gerçəkləşdiriləcəkdir.
Layihənin ideyası və qısa məzmunu haqqına məlumat verən Əli Cəfərov bildirdi kı, 8 Noyabr Zəfər gününün, ümumilikdə 44 günlük Qarabağ savaşı – Vətən müharibəsi Azərbaycanın ən qürurverici səhifələrindən olaraq salnamə tariximizdə xüsusi yer tutacaqdır. Zamanla bu haqq savaşımızın detalları bütün dünya xalqları, media qurumları, eləcə də siyasətçilər, hərb tarixçiləri və s. tərəfindən təhlil olunacaq. Müharibədən qısa bir zaman keçməsinə rəğmən, hər günü, hər saatı qələbə notları ilə yaddaşlara oturuşmuş bu sürətli, müasir tipli müharibəmizin taktika və strategiyası müxtəlif səviyyələrdə artıq həm hərb sənəti, həm də vətənpərvərlik baxımından müzakirə mövzularına çevrilmişdir. Tarixən bu məsələlərdə buraxılan boşluqlardan nəticə çıxarmalı, yeniyetmələrin müstəqil Azərbaycanın vətəndaşı kimi öz milli dəyərlərinə sahib çıxmalarına, öz qəhrəmanlarını, qəhrəmanlıq nümunələrini, əzəli və əbədi yurd yerlərini , tarixi- mədəni abidələrini tanıyıb-bilmələrinə nail olmalıyıq. Məhz bu yolla onların ölkəmizin müqəddəs şəhid qanı ilə yoğrulmuş hər qarış torpağının və milli kimliklərinin qədrini bilmələrinə çalışmalıyıq.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant layihəsinin yaratdığı imkanlar çərçivəsində bu təşəbbüslərə xüsusi dəstək verməyi hədəfləyirik. Seçdiyimiz məktəblərdə müxtəlif istiqamətli müsabiqələr təşkil etməklə bu müsabiqələrdə həvəsləndirici mükafatlar uğrunda şagirdlərin sağlam rəqabətinin yaranmasına və bu rəqabət nəticəsində onların Zəfər günü, eləcə də 44 günlük Vətən müharibəsi barədə daha çox bilgilər əldə edə biləcəyinə əminik.
Layihənin əsas strategiyası haqqında danışan layihə rəhbəri bildirdi ki, məktəbliləri Zəfər tarixi ilə bağlı dərindən məlumatlandırmaq üçün onları qeyd etdiyimiz müsabiqələrə cəlb etməkdən ibarətdir. Lakin strategiyaya çatmaq yolunda həmin şagirdlərin fərdi qabiliyyətlərinin üzə çıxarılması kimi taktiki məqsədimizin də cəmiyyətimizin bu istiqamətdə maarifləndirilməsində öz müstəsna rolunu oynayacağı şübhəsizdir.
Bunların reallaşdırılması üçün seçdiyimiz məktəbdə şagirdlərin diqqət və marağını layihənin mövzusunun bütün aspektlərinə cəlb edəcək, məktəbi paytaxtın Zəfərlə bağlı təbliğatın nisbətən zəif olduğu mərkəzə uzaq ərazisindən seçərək keçirəcəyimiz seminar, disput və təlimlərdə iş aparacağımız şagirdlərin Qarabağ münaqişəsinin, 44 günlük müharibənin və ən başlıcası Zəfər tariximizin əsil mahiyyətini dərindən dərk etmələri üçün nəzərdə tutduğumuz hədəfləri onlara təfsilatı ilə izah etməklə şagirdlərin baxış bucağının layihənin mahiyyətinə yönəldilməsinə nail olacağıq.












