İqtisadçı-analitik, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında əlilliyi olan şəxslərə sosial dəstək və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində ölkədə ardıcıl və effektiv dövlət siyasətinin həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, son illər sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və reabilitasiya xidmətlərinin genişləndirilməsi bu kateqoriyanın əmək bazarında daha aktiv iştirakını təmin edən mühüm amillərdəndir:

"Bazar iqtisadiyyatı şəraitində özəl sektorun da məsuliyyəti artırılmalı, inklüziv məşğulluq modelinə daha geniş şəkildə dəstək verilməlidir. Reabilitasiya xidmətlərinin inkişafı yalnız tibbi baxımdan deyil, həm də əlilliyi olan şəxslərin iqtisadi fəallığının yüksəldilməsi üçün vacib mexanizmdir".

Elşad Məmmədov həmçinin rəqəmsallaşmanın bu sahədə yeni imkanlar açdığını diqqətə çatdırıb:

"Frilans və onlayn iş seqmentlərinin genişlənməsi əlilliyi olan şəxslərin əmək bazarına çıxışını asanlaşdırır və əlavə seçim imkanları yaradır. Texnologiyaların inkişafı həm sosial inklüzivliyə, həm də ümumi iqtisadi məhsuldarlığın yüksəlməsinə təkan verir. Bu istiqamətdə tədbirlərin davamlılığı ölkədə sosial rifah və inklüziv inkişafın möhkəmləndirilməsinə xidmət edəcək".