İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli 2025-ci ilin yanvar–oktyabr aylarında ölkəyə edilən turist səfərlərinin statistikasını və azalma meyillərinin səbəblərini şərh edib.

QHT.az xəbər verir ki, Eyyub Kərimlinin açıqlamasına görə, sözügedən dövrdə 183 ölkədən Azərbaycana 2 milyon 171 min turist səfəri qeydə alınıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,7% azalma deməkdir. Avropa ölkələrindən gələn turistlərin sayı isə 167 740 nəfər olub ki, bu da illik müqayisədə 21,7% azalma ilə nəticələnib:

"Bu dövrdə səfərlərin 24.4% Rusiyadan,17.4% Türkiyədən, 8%İrandan, 6.6% Hindistandan, 2.4% Çindən olmuşdur. Bəs turist səfərlərinin azalması nə ilə əlaqəli ola bilər? İlk olaraq quru sərhədlərimizin bağlı olması, digər tərəfdən regionda bu sahədə güclü rəqabətin mövcud olması, əsasən də Gürcüstan və Türkiyədə. Bunlar əlbətdə obyektiv təsirlərdir. Lakin subyektiv təsirləri də nəzərdən qaçırmaq olmaz. Belə ki, əsas problemlərdən biri də, xidmət sektorunda çox zamanlar turistlərə olan xidmətin nisbətən daha baha olmasıdır. Gördüyümüz çox yerlərdə, muzeylər. tarixi məkanlar, restoranlar çox zaman xarici qonaqlar üçün daha baha xidmət haqqı təyin olunur. Restoranlarda bəzi hallarda şişirdilmiş qiymətlər, əsaslandırılmamış servis haqları və s. Sözsüz ki, bunlar da turistlərin gözündən yayınmır və səfər haqqında təsuratlara mənfi təsir göstərir. Bu cür hallara ciddi nəzarət edilməlidir, turistlərə qarşı bu cür yanaşmaların qarşısı alınmalıdır. Restoranlarda əsaslandırılmamış servis haqları ümumiyyələ ləğv edilməlidir. Bu günlərdə Gürcüstanda da ləğv edildi. Digər tərəfdən turistlər üçün qiymətlər daha baha deyil yerli qiymətlərə bərabər olmalıdır ki, bu da səfərlərin daha münasib qiymətə başa gəlməsinə təsir etsin və dövriyyənin artmasını təmin etsin".

 

Pərvanə Fərhadqızı