UNEC nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə UNEC rektoru Ədalət Muradov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

QHT.az xəbər verir ki, Ədalət Muradov qeyd edib ki, Maliyyə-İqtisad Kolleci Azərbaycanda orta ixtisas təhsili verən ilk təhsil müəssisəsidir və tarixən böyük rol oynayıb:

"Kollecimizin yubileyi çərçivəsində Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdik. Tələbələrin əl işlərindən ibarət rəsmlərə baxdıq, həmçinin Kollecin yubileyinə həsr edilmiş kitabla tanış olduq. Bu gün Azərbaycan təhsilində kollec təhsilinin inkişafı istiqamətində təkliflərimizi səsləndirdik."

Tədbir çərçivəsində Kollecin Vətən Müharibəsi zamanı şəhid olmuş məzunlarının xatirəsi də yad edilib. Şəhidlər Qurbanov Murad Asif oğlu, Abduləlimov Miqdad Faiq oğlu və İbrahimov Elşən Cahangir oğlunun rəsmləri analarına təqdim olunub. Yubiley tədbiri bədii hissə ilə davam edib. Tədbirdə çıxış edən rəsmi şəxslər Kollecin fəaliyyətini yüksək qiymətləndirərək kollektivə gələcək işlərində uğurlar arzulayıblar.

Ədalət Muradov Maliyyə-İqtisad Kollecinin kollektivini 90 illik yubiley münasibətilə təbrik edərək, təhsil ocağının daha böyük uğurlara imza atacağına inandığını bildirib.

 

Pərvanə Fərhadqızı